Lalə Rəhimova: MİQ-də üçüncü cəhdimdə 94 bal topladım
Bakı, 15 iyul, AZƏRTAC
İmtahanı yekunlaşdırıb “Bitirin” düyməsinə basdıqdan sonra bir neçə saniyə nəticəyə baxa bilmədim. Həmin an çox həyəcanlı idim. Nəticəni gördükdə isə inana bilmirdim.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsində 100 mümkün baldan 94-nü toplayan Lalə Rəhimova söyləyib. Onun sözlərinə görə, imtahana hazırlıq müddətində həm işləyib, həm də dərslərinə vaxt ayırmağa çalışıb. Vaxt məhdudiyyətinə baxmayaraq, planlı şəkildə hazırlaşmaq ona yüksək nəticə göstərməyə kömək edib.
“Hazırlıq müddətində həm işləyirdim, həm də boş vaxtlarımı dərslərimə ayırırdım. Özüm üçün müəyyən plan hazırlamışdım. Bir gün Azərbaycan dili üzrə mövzuları təkrar edir, növbəti gün kurikulum üzərində işləyir, axşam saatlarında isə riyaziyyatdan məsələ həll edirdim. Düşünürəm ki, sistemli və planlı şəkildə hazırlaşmaq daha yaxşı nəticə verir”, - deyə o qeyd edib.
Müsahibimiz bildirib ki, imtahanda ixtisas və kurikulum üzrə suallar namizədlərdən diqqət və hazırlıq tələb edirdi. Baza bilikləri möhkəm olan namizədlər üçün ixtisas suallarını cavablandırmaq mümkündür. Kurikulum hissəsində isə bəzi sualların cavab variantları bir-birinə yaxın idi və bu da əlavə diqqət tələb edirdi.
MİQ-də üçüncü dəfə iştirak edən Lalə Rəhimova əvvəlki cəhdlərində də uğurlu nəticələr əldə etdiyini, lakin müxtəlif səbəblərdən müəllim kimi fəaliyyətə başlaya bilmədiyini söyləyib. Bu dəfə isə yüksək balın ona daha geniş imkanlar yaradacağına ümid etdiyini deyib.
“İnsan ilk cəhddə istədiyi nəticəni əldə etməyə bilər. Mən də məqsədimdən dönmədim və çalışmağa davam etdim. Hesab edirəm ki, özünü həddindən artıq yormadan, planlı və ardıcıl şəkildə hazırlaşmaq daha səmərəlidir”, - deyə o əlavə edib.
Lalə Rəhimova müəllimlik peşəsini universitetə qəbul zamanı ilk seçim kimi müəyyənləşdirdiyini bildirib: “Həmişə bu peşəni sevərək icra edəcəyimə inanmışam. Ümid edirəm ki, gələcəkdə şagirdlərimlə qarşılıqlı etimada əsaslanan münasibət qura biləcəyəm”.
Müxbir - Nərmin Murad