“LANDAU” məktəbində “Narkotik əsrin bəlasıdır, zərərli vərdişlərə yox deyək!” mövzusunda maarifləndirici tədbir keçirilib
Bakı, 28 fevral, AZƏRTAC
Səbail Rayon Polis İdarəsinin təşkilatçılığı ilə “LANDAU” məktəbində “Narkotik əsrin bəlasıdır, zərərli vərdişlərə yox deyək!” mövzusunda növbəti maarifləndirici tədbir keçirilib.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, tədbir Dövlət Himninin səslənməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Polisin narkomaniyaya qarşı mübarizədə təbliğat işinə böyük önəm verdiyinə diqqət çəkən məktəbin icraçı direktoru Timur Leznik görülən işlərdə vətəndaşların da asayiş keşikçilərinə dəstək olmalarının, həmrəylik nümayiş etdirmələrinin vacibliyini vurğulayıb.
Görüşdə rayon polis idarəsinin rəisi Hikmət Qasımov çıxış edərək narkomaniyanın törətdiyi fəsadlardan danışıb. Bildirilib ki, narkomaniya da narkotiklərin qanunsuz dövriyyəsinin coğrafiyası kimi sərhəd tanımır. Bu dəhşətli xəstəlik hamı üçün eyni dərəcədə təhlükəlidir; o cinayətkarlığı, zorakılığı və korrupsiyanı yaradır, sosial-iqtisadi inkişafı səngidir, ailə və icmaları dağıdır. Ölkəmizdə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin aşkarlanması istiqamətində aparılan qətiyyətli mübarizə tədbirlərinin nəticələri barədə məlumat verən İdarə rəisi narkotacirlərə və narkotik istifadəçilərinə qarşı hüquq-mühafizə orqanlarının barışmaz mövqe sərgilədiyini də vurğulayıb. Rayon icra hakimiyyətinin başçısının müavini Eldar Ağayev də sağlam gəncliyin və etibarlı gələcəyin qurulması baxımından belə maarifləndirici görüşlərin davamlı təşkilinin zəruriliyindən danışıb. O, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair Dövlət Proqramı”nın uğurla icra olunduğunu da bildirib.
Polis polkovnik-leytenantı H.Təmirov qeyd edib ki, narkomaniya cəmiyyətin ciddi bəlasına çevrilən, mənəvi və əxlaqi dəyərlərə böyük zərbə vuran ən ağrılı problemlərdən biridir. O, zərərli vərdişlərdən uzaq olmaq, gələcək karyeralarında uğur qazanmaq üçün şagirdlərin diqqətlərini elmə, təhsilə, idmana, cəmiyyətə faydalı olacaq işlərə vermələrinin əhəmiyyətindən danışıb.
Çıxış edənlər son illər ölkəmizdə narkotik vasitələr və onların prekursorlarına qarşı mübarizə tədbirlərinin gücləndiyini, bu sahəyə cavabdeh olan dövlət orqanları ilə yanaşı ictimai təşkilatların da fəallığının artdığını bildiriblər.
Sonda narkomaniyanın fəsadlarından, bu bəlaya düçar olan şəxslərin acınacaqlı həyatından bəhs edən videoçarx nümayiş olunub.