Latviyada fəaliyyət göstərən “Azəri Gənclər” Cəmiyyəti bəyanat yayıb
Riqa, 16 iyul, AZƏRTAC
Latviyada fəaliyyət göstərən “Azəri Gənclər” Cəmiyyəti Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində düşmənin Azərbaycan Ordusunun mövqelərini, yaşayış məntəqələrini və mülki şəxsləri iriçaplı minomyotlardan və artilleriya silahlarından atəşə tutması ilə bağlı bəyanat yayıb.
Bəyanatda bildirilib ki, bu çətin günlərdə Azərbaycan xalqı Ermənistanın təcavüzkarlıq siyasəti nəticəsində Azərbaycan-Ermənistan sərhədində düşmənin hərbi təxribatlarına məruz qalıb. Qəhrəman ordumuz düşmənə layiqincə cavab verib və torpaqlarımızı fədakarlıqla müdafiə edib. Təəssüf ki, Ermənistan silahlı bölmələrinin təxribatları nəticəsində mərd oğullarımız şəhid olub. Allah şəhidlərimizə rəhmət eləsin. Millətimizə səbir diləyirik.
“Vətən şəhid qanı ilə qorunar. Biz xalqımızın vətənpərvərlik ruhunun sarsılmazlığını gördükcə bir daha inanırıq ki, şəhidlərimizin qanı yerdə qalmayacaq, Ermənistan məğlub ediləcək.
Biz Latviyada yaşayan azərbaycanlılar və “Azəri Gənclər” Cəmiyyətinin üzvləri olaraq dövlətimiz Azərbaycana və xalqımıza hər cür köməyi və dəstəyi göstərməyə hazırıq. Erməni vəhşiliyini bütün dünyaya çatdırmaq üçün əlimizdən gələni edirik və etməliyik. Bu gün birlik günüdür. Bu gün biz də “Biz səninləyik Azərbaycan, qəlbimiz Vətənlə döyünür!” deyirik.
Latviyada fəaliyyət göstərən “Azəri Gənclər” Cəmiyyəti və bizimlə bir sırada dayanan soydaşlarımız hər zaman Prezident, Ali Baş Komandan İlham Əliyevin, dövlətimizin, əsgərlərimizin və xalqımızın yanındayıq”, - deyə bəyanatda vurğulanıb.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa