Latviyanın Tsesis şəhərində türk əsgərlərinin xatirəsi anılıb
Riqa, 19 mart, AZƏRTAC
Latviyanın Tsesis şəhərində türk əsgərinin məzarına güllər qoyulub. Çanaqqala döyüşünün 100 illiyinə həsr edilən tədbir Türkiyənin Latviyadakı səfirliyinin və ölkənin Müdafiə Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilib. Mərasimdə Latviya Müdafiə Nazirliyinin, Silahlı Qüvvələrinin, Daxili İşlər Nazirliyinin, burada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, dövlət xadimləri iştirak ediblər. Türk əsgərlərinin xatirəsini Azərbaycanın Latviyadakı səfirliyinin müşaviri Gəray Muradov da yad edib.
Anma mərasimində çıxış edən Türkiyənin Latviyadakı səfiri Hayri Hayret Yalav məlumat verib ki, 1877-1878-ci illərin rus-türk müharibəsindən sonra Plevendə rus qoşunları tərəfindən əsir götürülmüş 100 türk əsgəri Tsesisə göndərilib. Vəfat etmiş 25 türk hərbi əsiri türk qəbiristanlığında dəfn olunub.
Qeyd olunub ki, ilk abidə 1880-cı ildə qoyulub. 1937-ci ildə Türkiyənin Estoniyadakı səfirliyinin maliyyə dəstəyi ilə qəbiristanlıq və müəllifi Karlis Dzirkalns olan abidə yenidən qurulub.
Səfir H.H.Yalav deyib ki, bəzi məlumatlara görə Tsesisdə təxminən 163 türk əsgəri həlak olub.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa