İQTİSADİYYAT
Layihələrin İdarə Edilməsi Beynəlxalq Assosiasiyası Direktorlar Şurasının növbəti iclası Bakıda keçiriləcəkdir
Bakı, 9 aprel (AZƏRTAC). İspaniyanın Valensiya şəhərində Layihələrin İdarə Edilməsi Beynəlxalq Assosiasiyasının (İnternational Project Management Association - IPMA) Direktorlar Şurasının növbəti iclası keçirilmişdir.
Dünyanın 54 ölkəsindən nümayəndə heyətlərinin qatıldıqları iclasda ölkəmizi İPMA-nın Azərbaycan Respublikası üzrə nümayəndəliyi olan Layihələrin İdarə Edilməsi Azərbaycan Assosiasiyasının (AzPMA) prezidenti, professor İqbal Babayev və qurumun birinci vitse-prezidenti Rəşad Mirzəyev təmsil etmişlər.
AzPMA-dan AZƏRTAC-a bildirmişlər ki, Layihələrin İdarə Edilməsi Beynəlxalq Assosiasiyasına MDB ölkələrindən yalnız Azərbaycan, Rusiya, Ukrayna və Qazaxıstan daxildirlər.
Direktorlar Şurası İPMA-nın ali qərarverici orqanıdır. Şuranın iclaslarının baş tutacağı ölkə müsabiqə yolu ilə seçilərək İPMA-ya daxil olan üzv dövlətlərin birində keçirilir. Müsabiqədə ən azı 10 il İPMA-ya daimi üzv olan ölkələrin iştirak etmək hüququ vardır. Bununla əlaqədar AzPMA Layihələrin İdarə Edilməsi Beynəlxalq Assosiasiyasının Direktorlar Şurasına müraciət edərək 2012-ci ildə növbəti iclasın Bakı şəhərində keçirilməsi üçün müsabiqədə iştirak etmək arzusunu bildirmişdi.
İclasda bu məqsədlə Bakı şəhərinə ezam olunmuş İPMA-nın iki ekspertinin rəyləri və bir çox ölkələrin rəsmi dəstək məktubları müzakirə olunmuşdur. Eyni zamanda, tədbirdə AzPMA-nın birinci vitse-prezidenti Rəşad Mirzəyev yekun təqdimatla çıxış etmişdir. O, ölkəmizin davamlı və dayanıqlı sosial-iqtisadi inkişafı, həyata keçirilən layihələr və dövlət proqramları, Azərbaycan Respublikasında irimiqyaslı beynəlxalq tədbirlərin yüksək səviyyədə təşkili üçün infrastrukturun mövcud olması barədə geniş məlumat vermiş və qısa film təqdim etmişdir.
Gizli səsvermə nəticəsində Avropa, Asiya, Amerika, Afrika və Avstraliya qitələrindən 54 ölkəni təmsil edən 150 nəfərdən ibarət nümayəndə heyətlərinin yekdil rəyi nəticəsində İPMA-nın Direktorlar Şurasının növbəti iclasının bu il sentyabrın 26-27-də Bakı şəhərində keçirilməsi barədə qərarı qəbul edilmişdir.