“Legalaid.az”: Gələcəkdə bir çox hüquqi xidmətlərin tam rəqəmsal formatda təqdim olunması mümkündür
Bakı, 14 sentyabr, AZƏRTAC
Rəqəmsallaşmanın hüquq sahəsinə təsiri, “LegalTech” platformalarının formalaşdırdığı yeni yanaşmalar və vətəndaşların hüquqi xidmətlərə çıxış imkanlarının genişlənməsi bu gün aktual müzakirə mövzularındandır. Azərbaycanda bu istiqamətdə atılan addımlar hüquqi məsləhət mexanizmlərini daha çevik, operativ və əlçatan edir. Məhz bu kontekstdə “Legalaid.az” platformasının fəaliyyəti xüsusi diqqət çəkir. Şirkət KOBİA-dan startap şəhadətnaməsi alan şirkətlər sırasındadır və bu, onun innovativ yanaşmasını və cəmiyyət üçün yaratdığı əlavə dəyəri təsdiqləyir. “Legalaid.az”ın təsisçisi və direktoru, hüquqşünas Sona Səlimli-Ələsgərova AZƏRTAC-ın suallarını cavablandıraraq “LegalTech”in Azərbaycanda hüquqi praktikanı necə dəyişdirdiyi, onlayn hüquqi platformaların cəmiyyət üçün yaratdığı imkanlar və bu sahədə qarşıda duran çağırışlar barədə ətraflı fikirlərini bölüşüb.
- “Legalaid.az” kimi “LegalTech” platformalarının Azərbaycanda hüquqi xidmətlər sahəsinə gətirdiyi yeniliklər nələrdir və bu texnologiyalar ənənəvi hüquqi təcrübəni necə dəyişdirə bilər?
- Mənim üçün “LegalTech” istiqaməti nəzəri yanaşmadan deyil, real praktik ehtiyacdan formalaşıb. Bu yol 2016-cı ildən, “Facebook” platformasında yaratdığım “ЮрСоветник/Hüquqi Məsləhətçi” adlı onlayn hüquqi icma ilə başlayıb. İllər ərzində bu icma minlərlə vətəndaşa ilkin hüquqi istiqamət verməyə imkan yaratdı və açıq şəkildə göstərdi ki, cəmiyyətdə hüquqi yardıma onlayn, operativ və əlçatan formadaböyük ehtiyac var. Bu təcrübənin məntiqi davamı olaraq 2019-cu ildə, pandemiyadan xeyli əvvəl, “Legalaid” layihəsi üzərində işə başladıq. Həmin dövrdə “LegalTech” anlayışı hələ geniş yayılmamışdı və bu sahədə ilk addımları atmaq həm texniki, həm də institusional baxımdan çətin idi. Pandemiya dövrü isə göstərdi ki, hüquqi xidmətlərin rəqəmsallaşması artıq seçim deyil, zərurətdir.
“Legalaid.az” kimi platformalar hüquqi xidmətləri strukturlaşdırır, ilkin müraciət mərhələsini optimallaşdırır və vətəndaşla hüquqşünas arasında əlaqəni daha məqsədli qurur. Ənənəvi hüquqi təcrübə bu texnologiyalarla zəifləmək əvəzinə güclənir: hüquqşünaslar daha çox analitik və strateji məsələlərə fokuslana bilir, vətəndaş isə prosesə daha hazırlıqlı şəkildə daxil olur.
- Onlayn hüquqi məsləhət platformaları, xüsusilə “Legalaid.az” vətəndaşların hüquqi yardıma çıxışını asanlaşdırır. Sizcə bu platformaların istifadəçi bazasının genişləndirilməsi üçün hansı sosial və texnoloji tədbirlər daha effektli olar?
- Bu sahədə əsas məsələ texnologiyanın özü deyil, insanların etibarı və maarifləndirilməsidir. Hüquqi xidmətlər emosional və həssas sahədir, buna görə istifadəçi əvvəlcə hüquqşünası və yanaşmanı “tanımaq” istəyir. Bu baxımdan rəqəmsal kommunikasiya və internet-marketinq çox böyük rol oynayır. Mənim “Instagram” səhifəm “legalnotes_ss” də bu strategiyanın bir hissəsidir, burada izahlı, qısa və gündəlik dildə hazırlanmış videolar vasitəsilə hüquqi mövzular aydınlaşdırılır. Praktikada görürük ki, insanlar məhz bu maarifləndirici kontent vasitəsilə həm hüquqşünası tanıyır, həm də onlayn hüquqi platformalara daha rahat müraciət edirlər. Texnoloji tərəfdən isə sadə interfeys, mobil uyğunluq, sürətli sorğu mexanizmi, prosesin mərhələlərinin istifadəçiyə aydın göstərilməsi və effektiv istifadəçi dəstəyi əsas faktorlardır. Platforma hüquqi dili “ağır terminlərlə” deyil, istifadəçinin anlayacağı formada təqdim etməlidir.
- Vətəndaşlar “Legalaid.az” vasitəsilə hüquqi məsləhət alarkən, məlumatların gizliliyi və etik məsələlər necə qorunur? Bu sahədə gələcəkdə hansı təkmilləşdirmələr mümkündür?
- Onlayn hüquqi xidmətlərin əsasında məxfilik və peşə etikası dayanır. Texnologiya dəyişə bilər, amma vəkil–müştəri məxfiliyi dəyişməz prinsipdir. Platforma səviyyəsində məlumatların qorunması yalnız texniki məsələ deyil, eyni zamanda hüquqi və etik məsuliyyətdir. Bu sahədə yanaşma üçsəviyyəlidir: texniki təhlükəsizlik (şifrələmə, təhlükəsiz giriş), daxili prosedurlar (məlumatların istifadəsi və saxlanması qaydaları) və peşə etikası. Gələcəkdə identifikasiya mexanizmlərinin gücləndirilməsi, məlumatların idarə olunmasında istifadəçiyə daha çox nəzarət imkanlarının verilməsi və etik standartların daha açıq şəkildə təqdim olunması vacib istiqamətlərdir.
- Onlayn hüquqi platformalar hüquqi savadlılığın artırılmasında necə daha fəal rol oynaya bilər?
- Hüquqi savadlılıq cəmiyyət üçün strateji əhəmiyyət daşıyır. Onlayn platformalar bu sahədə təkcə “məsləhət verən” deyil, öyrədən və istiqamət göstərən mexanizmə çevrilə bilər. Mini-bələdçilər, addım-addım izahlar, tez-tez verilən suallar, qısa video formatlı izahlar və real situasiyaların hüquqi şərhi vətəndaşların düzgün qərar verməsinə kömək edir. Bu yanaşma həm vətəndaş üçün faydalıdır, həm də hüquqşünasın işini optimallaşdırır: müraciət edən şəxs artıq daha hazırlıqlı olur və proses daha effektiv gedir.
- Süni intellekt və avtomatlaşdırılmış hüquqi alətlərin tətbiqi “Legalaid.az” kimi platformalarda hansı imkanları və riskləri yarada bilər?
- Süni intellekt hüquq sahəsində əsasən köməkçi rol oynaya bilər: İlkin hüquqi təsnifat, sənədlərin texniki analizi, tipik suallara strukturlaşdırılmış cavablar və risklərin ilkin identifikasiyası. Bu, sürət və effektivlik yaradır. Eyni zamanda, risklər də mövcuddur: kontekstin səhv qiymətləndirilməsi, məsuliyyətin kimə aid olması, məlumatların qorunması və etik çərçivələr. Buna görə AI hüquqşünası əvəz etməməli, onun peşəkar qərarverməsini dəstəkləməlidir.
- Gələcəkdə belə platformalar tam rəqəmsal hüquqi xidmətlər təqdim edə biləcəkmi?
- Gələcəkdə bir çox hüquqi xidmətlərin tam rəqəmsal formatda təqdim olunması mümkündür: İlkin konsultasiya, sənəd hazırlığına hazırlıq, müqavilələrin ilkin baxışı və prosesin idarə olunması. Bunun əsas üstünlükləri vaxt qənaəti, əlçatanlıq və region fərqinin azalmasıdır. Bununla yanaşı, mürəkkəb və həssas işlərdə canlı ünsiyyət və insan faktoru hələ də vacib olaraq qalacaq. Bu səbəbdən ən optimal model hibrid modeldir. Ümumilikdə, bu gün hüquq sahəsində süni intellekt və rəqəmsal platformaların tətbiqi üzrə çoxsaylı yeni layihələr formalaşır və bu proses artıq geri dönməzdir.