Lənkəran Dövlət Universitetində keçirilən elmi konfransda 120-dən çox məruzə dinlənilib
Lənkəran, 22 dekabr, Bağır Əliyev, AZƏRTAC
Lənkəran Dövlət Universitetində (LDU) “İnteqrasiya mühitində Azərbaycan elminin qarşısında duran vəzifələr” mövzusunda respublika elmi konfransı keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, konfransda Bakı Dövlət, Xəzər, İqtisad, Bakı Slavyan, Azərbaycan Pedaqoji, Aqrar universitetlərin və digər ali təhsil müəssisələrinin müəllimləri, həmin təhsil ocaqlarının gənc tədqiqatçıları, magistrant və doktorantları iştirak ediblər.
Elmi konfransın plenar iclasında çıxış edən LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov ölkəmizdə təhsilin inkişafı istiqamətində görülən işlərdən, qazanılan uğurlardan danışaraq, gənc tədqiqatçıların elmi işlərə cəlb edilməsinin Azərbaycan elminin inkişafı üçün səmərəli olacağını bildirib.
Tədbirdə LDU-nun rektorunun müşaviri, professor Mikayıl Məhərrəmovun mövzu ilə bağlı məruzəsi dinlənilib.
Məruzəçi çıxışında qeyd edib ki, LDU-da fəaliyyət göstərən 4 fakültə və 13 kafedrada qəbul olunmuş plan üzrə 19 istiqamətdə və 20 mövzuda 82 elmi-tədqiqat işi aparılıb. Tədqiqat işlərinin mövzularının böyük əksəriyyəti Lənkəran-Astara bölgəsinin coğrafi mövqeyinin, zəngin ekoloji xüsusiyyətlərinin, fauna və florasının, torpaq və bitki ehtiyatlarının, sosial-iqtisadi və mədəni həyatının öyrənilməsinə həsr olunub.
Sonra konfrans işini bölmə iclaslarında davam etdirib. Müxtəlif bölmələr üzrə bütövlükdə 120-dən çox məruzə dinlənilib.
Konfransın sonunda gənc tədqiqatçılara sertifikatlar təqdim olunub.