LƏNKƏRAN MÜALİCƏ-DİAQNOSTİKA MƏRKƏZİNDƏ
Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən AZƏRTAC-a bildirmişlər ki, şirkətin respublikamızın 10-dan artıq bölgəsində gerçəkləşdirdiyi müalicə-diaqnostika mərkəzlərinin (MDM) inşası layihəsi insanların sağlamlıqlarının qorunması baxımından mühüm əhəmiyyətə malikdir.
Mərkəzlərin təchiz olunduğu müasir tibbi-texniki avadanlıq Azərbaycan səhiyyəsinin yalnız paytaxtda deyil, regionlarda da inkişafı üçün əlverişli şərait yaradır. Məhz bunun nəticəsində Lənkəran MDM-də bölgədə ilk dəfə olaraq açıq ürək və böyrək köçürülməsi kimi nadir əməliyyatlar uğurla həyata keçirilmişdir. Bu il iyulun 24-də aparılan böyrək transplantasiyası əməliyyatından sonra, daha 3 xəstə üzərində belə əməliyyatların keçirilməsi nəzərdə tutulmuşdur. Böyrək çatışmazlığı xəstəliyindən əziyyət çəkən Masallı rayonu Şatıroba kənd sakini Əliyar Nəzərovun üzərində aparılan əməliyyat artıq uğurla başa çatmışdır. Sentyabrın 3-də Lənkəran MDM-də daha 2 xəstə üzərində böyrək köçürülməsi əməliyyatı həyata keçirilmişdir.
Lənkəran Müalicə Diaqnostika Mərkəzində təkcə bu ilin birinci yarısında 319 cərrahi əməliyyat, 4 mindən artıq hemodializ seansı aparılmışdır.
Hemodializ şöbəsində müalicə alan xəstələrin sayının artması nəzərə alınaraq, mərkəz daha 5 “süni böyrək” aparatı ilə təchiz olunmuşdur.