Lənkəran polisi xüsusi karantin rejimi qaydalarını pozan şəxslərə qarşı reyd keçirib
Lənkəran, 8 aprel, Bağır Əliyev, AZƏRTAC
Lənkəran rayonunda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə polis əməkdaşları tərəfindən nəzarət-profilaktik tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Lənkəran Rayon Polis Şöbəsi tərəfindən bu istiqamətdə növbəti reyd keçirilib. Polis əməkdaşları bir daha sakinlər arasında profilaktik söhbətlər apararaq, onları tibbi maskalardan istifadə etməyin, sosial məsafənin gözlənilməsinin zəruriliyi barədə məlumatlandırıblar.
Reyd zamanı qapalı və açıq məkanlarda, həmçinin ictimai nəqliyyatda, taksi xidməti göstərən nəqliyyat vasitələrində tibbi maskadan istifadə etməyən sürücülər və sərnişinlər polis əməkdaşları tərəfindən müəyyən olunub.
Xüsusi karantin rejimi qaydalarını pozanlar barəsində qanunamüvafiq tədbirlər görülüb. Qapalı məkanlarda və ictimai nəqliyyatda sosial məsafənin gözlənilməsi ilə bağlı sakinlərə bir daha xəbərdarlıqlar edilib.