LƏNKƏRANDA BEYNƏLXALQ ELMİ-PRAKTİK KONFRANS KEÇİRİLMİŞDİR
Milli Elmlər Akademiyası, Təhsil Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Lənkəran Dövlət Universiteti və Lənkəran Regional Elm Mərkəzinin birgə keçirdiyi tədbirdə bu qurumların əməkdaşları, Rusiya, İran və Türkiyədən gəlmiş qonaqlar, cənub bölgəsinin elm və təhsil müəssisələrində çalışan müəllimlər, ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin maliyyə dəstəyi ilə Lənkəran Dövlət Universitetində yaradılmış ixtisaslaşdırılmış tədris laboratoriyasının açılışı olmuş, ali təhsil ocağının videokonfrans zalından sürətli internetlə nazirliyin əməkdaşları ilə birbaşa videobağlantı nümayiş etdirilmişdir.
Konfransda Lənkəran Dövlət Universitetinin rektoru, fizika-riyaziyyat elmləri doktoru, professor Asəf İsgəndərov çıxış edərək iştirakçıları salamlamış, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrasında informasiya texnologiyalarının əhəmiyyətindən danışmışdır.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov çıxış edərək, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına müvafiq olaraq Lənkəranda aparılan quruculuq işlərindən danışmış, konfransın işinə uğurlar arzulamışdır.
Elmi-praktik konfransın ümumi iclasında rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov “Sosial-iqtisadi inkişafda informasiya-kommunikasiya texnologiyalarının rolu” mövzusunda məruzə etmişdir.
Müzakirələrdə Milli Elmlər Akademiyasının əməkdaşı Əminağa Sadıqov, Naxçıvan Dövlət Universitetinin rektoru İsa Həbibbəyli, Azərbaycan Texniki Universitetinin rektoru Havər Məmmədov, Mendeleyev adına Moskva Dövlət Aviasiya Universitetinin kafedra müdiri Leonid Muravey, Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev çıxış etmişlər.
Konfransda rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Lənkəran Dövlət Universitetinin rektoruna xatirə hədiyyələri təqdim etmişdir.
Tədbirdə Prezident İlham Əliyevə müraciət qəbul edilmişdir.
Elmi-praktik konfrans öz işini bölmə iclaslarında davam etdirmiş, burada 70-ə yaxın məruzə dinlənilmişdir.