Lənkəranda ərzaq mağazasında yararsız məhsullar aşkarlanıb
Bakı, 7 may, AZƏRTAC
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Lənkəran rayonunun Şiləvar kəndində fəaliyyət göstərən vəzifəli şəxs Cavid Aydın oğlu Nəsirova məxsus ərzaq mağazasında plandankənar yoxlama keçirilib.
Bu barədə AZƏRTAC-a AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.
Bildirilib ki, yoxlama zamanı mağazada 45 fərqli adda son istifadə müddəti bitmiş, ümumi çəkisi 38,822 kiloqram olan müxtəlif əmtəə nişanlı quru qida məhsulları və 46,14 litr müxtəlif əmtəə nişanlı alkoqolsuz içkilər aşkarlanıb. Sözügedən məhsullar satışdan kənarlaşdırılıb, eyni zamanda, istifadə müddəti bitmiş və normativ texniki tələblərə cavab verməyən məhsullarla bağlı məhdudlaşdırıcı qərar qəbul edilib.
Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb, sahibkar barəsində inzibati protokol tərtib edilib.