Lənkəranda Heydər Əliyevin əziz xatirəsi yad olunub
Lənkəran, 10 may, AZƏRTAC
Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü Lənkəranda dərin ehtiramla qeyd edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ümumrayon tədbirində Lənkəran Şəhər İcra Hakimiyyətinin nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbi qulluqçular, idarə və müəssisələrin rəhbərləri, şəhid ailələri, müharibə veteranları, ağsaqqallar, tələbələr və rayon ictimaiyyətinin müxtəlif təbəqələrinin nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları şəhərin mərkəzi meydanında ucaldılmış Ulu Öndərin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.
Daha sonra iştirakçılar Lənkəran şəhərində fəaliyyət göstərən Heydər Əliyev Mərkəzində Ümummilli Liderin həyat və siyasi fəaliyyətini əks etdirən sərgi ilə tanış olub, onun adını daşıyan muzeyi ziyarət edərək büstü önünə tər güllər qoyublar.
Qeyd edək ki, Lənkəranda Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə silsilə tədbirlər təşkil olunub və gün ərzində sakinlər Ulu Öndərin abidəsini və muzeyini ziyarət ediblər.
Müxbir- İlkin Adıyev