REGİONLAR
Lənkəranda inşa-yazı müsabiqəsinin qaliblərinə mükafatlar verilib
Lənkəran, 7 may, Bağır Əliyev, AZƏRTAC
Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin, şəhər Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə “Ulu öndər Heydər Əliyev milli sərvətimizdir” mövzusunda keçirilən onlayn yazı-müsabiqəsinə yekun vurulub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, müsabiqənin keçirilməsində məqsəd gənc nəsli ulu öndər Heydər Əliyev ideyaları ruhunda, onun zəngin irsi işığında tərbiyə etmək, ölkəmizin dövlət quruculuğu prosesində Ümummilli Liderin rolunu və xidmətlərini təbliğ etmək, istedadlı yeniyetmə və gəncləri üzə çıxarmaqdır.
Altı gün davam edən onlayn müsabiqədə 48 nəfər yeniyetmə və gənc iştirak edib.
Münsiflər heyətinin qərarına əsasən müsabiqənin qalibləri müəyyən edilib. Fidan Məmmədzadə birinci, Zakir Zeynalov ikinci, Fatimə Həsənzadə üçüncü yerlərə layiq görülüblər.
Qaliblərə Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin diplomları və hədiyyələr təqdim olunub.
Mükafatlandırma mərasimində çıxış edən Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin rəisi Mikayıl Cəfərzadə və Lənkəran Şəhər Təhsil şöbəsinin əməkdaşı Səriyyə Kələntərli qalibləri təbrik edərək, onlara ən xoş arzularını çatdırıblar.