SİYASƏT
Lənkəranda “Yerli demokratiya həftəsi” çərçivəsində “dəyirmi masa” keçirilmişdir
Lənkəran, 28 noyabr (AZƏRTAC). Noyabrın 25-dən dekabrın 1-dək Azərbaycanda “Yerli demokratiya həftəsi” keçirilir. Bununla bağlı respublikamızın hər yerində olduğu kimi, Lənkəran rayonunda da müxtəlif tədbirlər təşkil olunur.
AZƏRTAC xəbər verir ki, noyabrın 28-də “Yerli demokratiya həftəsi” çərçivəsində Lənkəran Şəhər Gənclər və İdman İdarəsində “Gənclərin yerli əhəmiyyətli məsələlərin həllində vətəndaş fəallığının artırılmasında bələdiyyələrin rolu” mövzusunda “dəyirmi masa” keçirilmişdir.
Tədbirdə çıxış edən Lənkəran şəhər bələdiyyəsinin sədri Eldar Hüseynov yerli demokratiya həftəsi ilə əlaqədar nəzərdə tutulmuş tədbirlər barədə məlumat vermişdir. Şəhər Bələdiyyələri Milli Assosiasiyasının nümayəndəsi Vüsal Paşayev “Yerli demokratiya həftəsi”nin məqsəd və vəzifələrindən danışmışdır.
Daha sonra Lənkəran şəhər bələdiyyəsi sədrinin birinci müavini Tağı Məmmədov mövzu ilə bağlı məruzə etmişdir.
“Dəyirmi masa”da iştirak edən Lənkəranın ali və orta-ixtisas məktəblərinin tələbələri bir sıra təkliflər irəli sürmüş və onları maraqlandıran suallar cavablandırılmışdır.