Lənkəranda zəruri tibbi profilaktik və sosial tədbirlər davam etdirilir
Lənkəran, 13 aprel, Bağır Əliyev, AZƏRTAC
Ölkəmizdə tətbiq olunan xüsusi karantin rejimi qaydaları çərçivəsində Lənkəran şəhərində, rayonun qəsəbə və kəndlərində koronavirus (COVID-19) pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə zəruri tibbi profilaktik və sosial tədbirlər davam etdirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonun ərazisində dezinfeksiya işləri ilə yanaşı, əhali arasında təhlükəli infeksiyadan qorunmaqla bağlı təbliğat-izahat işləri aparılır, xüsusi karantin rejimi qaydalarına riayət edilməsinin vacibliyi onlara izah olunur.
Xüsusi karantin rejimi dövründə evdə qalan insanlara, xüsusilə 65 yaşdan yuxarı ahıl, kimsəsiz şəxslərə, imtiyazlı ailələrə xüsusi diqqət göstərilir.
Lənkəran Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə bu kateqoriyadan olan vətəndaşlara müxtəlif ərzaq yardımlarının verilməsi rayonun idarə, müəssisə, təşkilat və iş adamları tərəfindən də dəstəklənir.
Rayonda fəaliyyət göstərən iş adamları, xeyriyyəçilər tərəfindən xüsusi karantin rejimi qaydalarına riayət edib evdə qalan, zəruri ehtiyacı olan ailələrə ərzaq yardımları paylanılıb.
Yardımların paylanmasında könüllü gənclər yaxından iştirak ediblər.