Lerikdə “İnsan hüquqları aylığı” çərçivəsində videokonfrans keçirilib
Lerik, 11 iyun, Bağır Əliyev, AZƏRTAC
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) Cəlilabad Regional Mərkəzi və Lerik Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “İnsan hüquqları aylığı” çərçivəsində videokonfrans keçirilib.
Onlayn tədbirdə DQİDK-nin Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov və şöbənin əməkdaşları, Ombudsmanın Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, Lerik Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Rafiq Əzizov, rayonda fəaliyyət göstərən dini icma sədrləri və din xadimləri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, videokonfransda çıxış edənlər insan hüquq və azadlıqları ilə bağlı qəbul edilmiş qanunlar, qərarlar və digər normativ aktlar, ölkəmizdə bu sahədə görülən işlər, həyata keçirilən layihələr barədə danışıblar.
Çıxışlarda qeyd olunub ki, Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra dünya birliyinin tamhüquqlu üzvü kimi ümumbəşəri dəyərlərin üstünlüyünü qəbul edərək demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunu özünün inkişaf yolu seçib.
1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası insan və vətəndaş hüquq və azadlıqlarını ali dəyər kimi qiymətləndirərək, onlara hörməti, insan hüquq və azadlıqlarının qorunmasını qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının vəzifəsi kimi müəyyən edib.
Azərbaycan Respublikasının 2001-ci ilin yanvarın 25-də Avropa Şurasına daxil olması, daha sonra “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasını ratifikasiya etməsi demokratik ənənələrə, ədalətə, yurisdiksiyası altında olan insanlar üçün fundamental hüquq və əsas azadlıqların təmininə sadiqliyin ifadəsidir.
Diqqətə çatdırılıb ki, son illər ölkəmizin universal və regional xarakterli beynəlxalq təşkilatlara daxil olması və çoxsaylı beynəlxalq müqavilələrə qoşulması ilə səciyyələnir. Həmin müqavilələrin mühüm bir hissəsi insan hüquq və azadlıqlarının müdafiəsinə yönəlib.
Azərbaycan Respublikası tərəfdar çıxdığı beynəlxalq müqavilələri özünün qanunvericilik sisteminə daxil etməklə beynəlxalq öhdəliklərini yerinə yetirmək yolunu tutub. Beynəlxalq müqavilələr dövlətlər arasındakı beynəlxalq münasibətlərin tənzimlənməsinin, dövlətlərarası əməkdaşlığın inkişafının əsas vasitəsi olmaqla milli qanunvericiliyin tərkib hissəsinə çevrilməkdədir.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.