Leysan yağışları Qobustanda ciddi fəsadlar törədib
Qobustan, 16 iyul, AZƏRTAC
Ötən gün Qobustan rayonuna yağan leysan yağışları bir sıra ərazilərdə fəsadlar törədib.
Rayon fövqəladə hallar komissiyasından AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, leysan nəticəsində yaranan sel suları nəticəsində Qobustan şəhəri, Cəmcəmli, Sündü və Xilmilli kəndlərində ümumilikdə 115 fərdi yaşayış evinə, yeni tikilən Modul Tipli Xəstəxananın, Mərkəzi Rayon Xəstəxanasının hasarlarına, 1 saylı tam orta məktəbin və 2 saylı uşaq bağçasının zirzəmilərinə, Heydər Əliyev parkının giriş hissəsinə, 12 vətəndaşın həyətyanı sahəsinin hasarına, 4 ticarət obyektinə, 1 daş sexinə və 12 küçəyə xeyli ziyan vurulub.
Hazırda xüsusi komissiya leysan yağışlarının törətdiyi fəsadları dəqiqləşdirir, bu fəsadların aradan qaldırılması istiqamətində tədbirlər görülür.