London derbisi: “Tottenhem” - “Arsenal” oyununda qalib müəyyənləşməyib
Bakı, 2 mart, AZƏRTAC
Martın 2-də İngiltərə Premyer Liqasının 29-cu turuna start verilib.
AZƏRTAC xəbər verir ki, turun açılış görüşü “Uembli” stadionunda keçirilib. “Tottenhem” doğma azarkeşlər önündə “Arsenal” komandasını qəbul edib. Görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb.
Oyunda hesabı qonaqlar açıblar. Aleksandr Lakazetin ötürməsindən sonra qapıçı ilə təkbətək qalan Aron Remzi fürsəti əldən verməyib - 0:1. Vurulan qoldan sonra irəli atılan meydan sahiblərinin cəhdlərinə baxmayaraq birinci hissədə hesab dəyişməyib.
Fasilədən sonra matçın 74-cü dəqiqəsində “Tottenhem” hesabı bərabərləşdirməyə nail olub. Belə ki, cərimə meydançasının daxilində Harri Keynə qarşı qayda pozuntusundan sonra baş hakim “Arsenal”ın qapısına 11 metrlik cərimə zərbəsi təyin edib. Zərbəni dəqiq yerinə yetirən H.Keyn oyunda tarazlığı bərpa edib - 1:1. Qarşılaşmanın 90-cı dəqiqəsində bu dəfə 11 metrlik cərimə zərbəsi “Tottenhem”in qapısına təyin edilib. Pyer-Emerik Obameyanqın zərbəsini “Tottenhem”in qapıçısı Uqo Loris dəf edib.
Matçın əsas vaxtına əlavə olunmuş 3-cü (90+3) dəqiqədə “Arsenal”ın yarımmüdafiəçisi Lukas Torreyra kobud oyuna görə qırmızı vərəqə ilə cəzalandırılaraq meydandan kənarlaşdırılıb. Qalan dəqiqələrdə hər iki komandanın cəhdlərinə baxmayaraq, hesab dəyişməyib.