MACARISTAN DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNİN DÖVLƏTLƏRİN ƏRAZİ BÜTÖVLÜYÜ PRİNSİPİ ƏSASINDA HƏLLİNƏ TƏRƏFDARDIR
Milli Məclisin sədri qonaqları salamladıqdan sonra demişdir ki, Azərbaycan Macarıstanla dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir. Ölkələrimiz arasında 1992-ci ildən diplomatik əlaqələr vardır. Hazırda Budapeştdə Azərbaycan səfirliyi fəaliyyət göstərir, istərdik ki, Bakıda da Macarıstan səfirliyi açılsın. Səfirliklər ölkələrimiz arasında təkcə siyasi deyil, həm də iqtisadi, mədəni və digər sahələrdə əlaqələrin genişlənməsində mühüm rol oynaya bilər.
Cənab A.Barşoni bilirik ki, Siz beynəlxalq audit təşkilatlarında Azərbaycanın mövqeyini daim müdafiə etmisiniz. Bu dəstəyi Avropa Şurası Parlament Assambleyasında və ATƏT PA-da da görmək ümidindəyik.
Sonra Oqtay Əsədov parlamentlərarası əlaqələrdən danışmış, bu əlaqələrin digər sahələrdə münasibətlərin inkişafındakı rolunu xüsusi vurğulamış, Milli Məclisdə Macarıstan parlamenti ilə dostluq qrupunun yaradıldığını diqqətə çatdırmışdır.
Səmimi qəbula görə minnətdarlıq edən Andraş Barşoni Azərbaycana əvvəlki səfərini xatırlatmış və gördüyü inkişafdan məmnun qaldığını bildirmişdir. O demişdir ki, Macarıstan da Azərbaycanla əlaqələrin inkişafında maraqlıdır. Geniş tərkibdə nümayəndə heyətinin Azərbaycana səfərindən əsas məqsəd də bundan ibarətdir.
Macarıstan Azərbaycanın regiondakı rolunu yüksək qiymətləndirir, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dövlətlərin ərazi bütövlüyü prinsipi əsasında həllinə tərəfdardır.
Sonra qonaq Azərbaycanın Avropa İttifaqına inteqrasiyasını alqışladığını bildirmiş, ötən ilin noyabr ayında keçirilmiş parlament seçkilərini demokratiya yolunda inkişaf kimi dəyərləndirmişdir.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.