DÜNYA
Macarıstan daxili bazarı qorumaq üçün tədbirlər görür
Budapeşt, 3 may, AZƏRTAC
Macarıstan Nazirlər Kabineti Ukraynadan taxıl, yağ məhsulları, yumurta, bal, quş əti, donuz əti, mal əti, tərəvəz və çörəyin idxalına müvəqqəti qadağa tətbiq edilməsinə dair qərar qəbul edib.
AZƏRTAC xəbər verir ki, sözügedən qərar bu gün Macarıstanın aparıcı kütləvi informasiya vasitələrində dərc edilib. Sənəddə bildirilib ki, qadağanın müddəti iyunun 30-dək müəyyən edilib.
Qərarda qeyd edilib ki, Avropa Komissiyası tərəfindən Ukraynanın kənd təsərrüfatı məhsullarının Yaxın Şərq və Afrika ölkələrinə ixracını sürətləndirmək məqsədilə gömrük rüsumları və kvotalardan azad olunması nəticəsində Avropa İttifaqına üzv ölkələrdə bu tədarüklərin böyük bir hissəsi indi dempinq qiymətləri ilə həyata keçirilir ki, bu, daxili bazarda ciddi problemlər yaradıb və yerli istehsalçılara zərər verib. Bu səbəbdən Mərkəzi və Şərqi Avropa regionunda Aİ-yə üzv olan bir sıra digər ölkələrdəki analoji tədbirlərə uyğun olaraq, kənd təsərrüfatı sektorunu və istehlakçıları qorumaq zərurəti meydana çıxıb. Əlamətdar haldır ki, “Vışeqrad qrupu” ölkələri də analoji tədbirlər görüblər. Məsələn, Polşa aprelin 15-dən etibarən Ukraynanın istehsal etdiyi bir sıra kənd təsərrüfatı məhsullarına qadağa tətbiq edib, Slovakiya isə Ukrayna taxılından istifadəni məhdudlaşdırmağa başlayıb.
Bildirilir ki, Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen artıq bu ölkələrin Ukraynadan kənd təsərrüfatı məhsulları idxalının artması ilə bağlı narahatlığını anlayışla qarşılayıb, lakin bu məsələdə “ümumavropa yanaşmasının” olmasını zəruri hesab edib.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt