Mahmud Mehtioğlu: Pandemiya bitdikdən sonra əvvəlki illərdə olduğu kimi uğurlara imza atacağıq
Bakı, 13 aprel, AZƏRTAC
Hazırda dünyada koronavirus pandemiyası səbəbindən bəzi mötəbər yarışlar təxirə salınıb. Lakin bir çox ölkələr müəyyən edilmiş qaydalarda yarışlar keçirirlər. Biz də bir çox dəvətlər alırıq. Lakin ölkəmizdə epidemioloji vəziyyətlə bağlı məşqlər keçə bilmirik. Bu səbəbdən beynəlxalq yarışlarda ölkəmizi təmsil edə bilmirik.
Bunu AZƏRTAC-a məxsusi müsahibəsində Azərbaycan Vinq-Çun Döyüş Sənəti Federasiyasının ümumi işlər üzrə vitse-prezidenti Mahmud Mehtioğlu deyib.
M.Mehtioğlu ölkəmizdə açıq havada yarışların təşkili haqqında danışarkən deyib: “Yarışların keçirilməsi üçün təlim-məşq toplanışları təşkil olunmalıdır. Yarışlar üçün idmançılarımız formada olmalıdır. Biz bu ilin mayında ölkə çempionatı planlaşdırmışıq. Əgər yumşalmalar olarsa, nəzərdə tutulmuş çempionatımızı açıq havada keçirəcəyik”.
Federasiya rəsmisi məşqdən uzaq qalan və formadan düşən idmançıların yenidən idmana qayıdıb nailiyyətlər əldə etməsi barədə görülən işlər barədə danışıb: “Kütləvi şəkildə hazırlıq apara bilməsək də, milli komandamızın üzvləri üçün həftədə 1-2 dəfə açıq havada kross qaçışı təşkil edirik və fiziki hazırlıqlarını saxlamaları üçün mühüm işlər görülür. Lakin həqiqəti deyim ki, bu yüksək nəticə vermir. Çünki idmançı mütləq idman zalında olmalı, qrafiklə məşqlərini keçməlidir”.
Federasiyanın gələcək perspektivləri barədə danışarkən M.Mehtioğlu bildirib ki, Azərbaycan Vinq-Çun Döyüş Sənəti Federasiyası 3 ildir rəsmi qeydiyyatdan keçib. Federasiyamızın formalaşmış və işini bilən idarə heyəti, məşqçi və hakim kollektivi vardır. Qarşıda Avropa və dünya çempionatlarına ev sahibliyi etməyi planlaşdırırıq. Beynəlxalq seminar və yarışları ölkəmizdə təşkil etmək imkanlarına sahibik. Pandemiya bitdikdən sonra əvvəlki illərdə olduğu kimi uğurlara imza atacağıq.
“Vinq-çun dərin fəlsəfəyə malik döyüş sənətidir, burda yaş və cins önəm daşımır. Ekstremal vəziyyətdə doğru seçim etmək və maksimum nəticə almaq üçün ən praktiki döyüş sənətidir. Eyni zamanda, sağlam həyat tərzidir. Bu döyüş sənəti insanı stresdən uzaq edir. Bütün bunlar, ölkəmizdə idmanın bu növünə marağın böyük olduğunu deməyə imkan verir. İdmançılarımız federasiyanın rəhbərliyi altında bir çox beynəlxalq yarışlarda ölkəmizin şərəfini layiqincə qoruyublar. Pandemiyadan əvvəl 2019-cu ildə Çində keçirilən dünya çempionatında 3 qızıl və 3 gümüş medal qazanmışdıq”, - deyə M.Mehtioğlu əlavə edib.
İdman karyerası ilə bağlı danışan vitse-prezident deyib: “Vinq-çun idman növü ilə mənim tanışlığım 90-cı illərin əvvəllərinə təsadüf edir. O vaxtlar Şərq döyüş növləri yeni vüsət almışdı. Həmin zamanlarda karate və kunq-fu bizim ölkəmizdə də inkişaf etdirilirdi. Bu illərdə mən kunq-fu idman növü ilə məşğul oldum. 2008-ci ildən isə federasiyanın prezidenti Asif Sayadovla tanış olandan sonra mən vinq-çun idman növünü seçdim. Bu idman növü ilə yaxından tanış olmağa başladım. Sonradan federasiyanın prezidenti A.Sayadov vinq-çunu ölkəmizdə inkişaf etdirməyə başladı. Vinq-çun idman növü 15 ildir ölkəmizdə təbliğ olunur. Bu kiçik müddət ərzində isə kifayət qədər böyük nailiyyətlərimiz olub. Bir çox beynəlxalq seminarlarda iştirak edərək bu döyüş sənətinin sirlərinə qismən də olsa yiyələndim. Belə ki, 2019-cu ildə Çində keçirilən dünya çempionatında 36 yaşdan yuxarı ustalar arasında gümüş medalın sahibi oldum. Vinq-çun mənim üçün sağlam həyat tərzidir”.