C. Rey MakDermott S.A.(C. Rey) şirkətinin Xəzər regionunda fəaliyyət göstərən filialı- MakDermott Kaspian Kontraktorz, İnk. (MKKİ) şirkətinin Xəzər əməliyyatları üzrə vitse-prezidenti və baş meneceri Dən Hauzer
AZƏRTAC-a bildirmişdir ki, dəniz platformalarının tikintisi və boru quraşdırma işlərində əldə olunan nailiyyətlər çox əhəmiyyətlidir, bütün işlər əvvəlcədən nəzərdə tutulan cədvəl üzrə davam edir. MKKİ-nin qazandığı uğurlarda sayı 140-dan çox olan əsas təchizatçıların köməyi əvəzsizdir. MKKİ-nin Azərbaycandakı təchizatçılarının və subpodratçılarının yarıdan çoxunu yerli müəssisələr təşkil edir ki, buraya dövlət müəssisələri, fərdi, kiçik və orta müəssisələr, birgə müəssisələr daxildir. Bütün mümkün olan hallarda yerli subpodratçıların və təchizatçıların əməyindən istifadə edilir, layihə çərçivəsində alınan bütün materialların və xidmətlərin 70 faizdən çoxu azərbaycanlı təchizatçıların və podratçıların payına düşür. Ötən ilin 4 ən yaxşı təchizatçısı içərisində Azərbaycan şirkətləri də vardır. Yerli şirkətlərlə uzunmüddətli və davamlı əməkdaşlığı inkişaf etdirməklə, MKKİ azərbaycanlıları işlə təmin etmək, yerli işgüzar dairələri dəstəkləmək və ölkənin sosial-iqtisadi inkişafına yardım göstərmək öhdəliyini yerinə yetirir.
Qeyd edək ki, MakDermott Kaspian Kontraktorz, İnk. (MKKİ) şirkətinin fəaliyyət dairəsinə dəniz neft və qaz sənayesini müxtəlif məhsullar və xidmətlərlə təmin etmək, texniki məsələləri həll etmək, layihələndirmə, təchizat, istehsalat, tikinti və idarəçilik, dəniz boru kəmərlərinin çəkilişi və dənizdə inşaat işlərinin aparılması və s. daxildir.
ABƏŞ ilə bağlanmış müqavilələr çərçivəsində MKKİ Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən Azəri, Çıraq yataqlarının və Günəşli yatağının (AÇG) dərin hissəsinin işlənməsi üzrə Faza 1, Faza 2, Faza 3 layihələri üçün birləşmiş göyərtələrin inşasını və sualtı boru kəmərlərinin çəkilişini də həyata keçirir.