Malayziya mətbuatı Qoşulmama Hərəkatının Zirvə görüşünü geniş şəkildə işıqlandırıb
Tokio, 6 may, AZƏRTAC
Malayziyanın çoxsaylı aparıcı mətbuat orqanları Azərbaycan Respublikasının Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının (QH) Təmas Qrupu formatında videokonfrans vasitəsilə keçirilmiş Zirvə görüşünü geniş şəkildə işıqlandırıb.
AZƏRTAC xəbər verir ki, ölkənin rəsmi informasiya agentliyi BERNAMA ilə yanaşı, ölkənin nüfuzlu çoxtirajlı qəzetlərindən olan “New Straits Times”, “The Star”, “Malay Mail”, “Free Malaysia Today” və “The Malaya Post” kimi nəşrlər Zirvə görüşü barədə geniş materiallar dərc edərək, Prezident İlham Əliyevin təşəbbüsü ilə baş tutmuş bu mühüm beynəlxalq tədbir barədə Malayziya ictimaiyyətini məlumatlandırıblar. Malayziya KİV-ləri Zirvə görüşünün “COVID-19-a qarşı birlikdəyik” mövzusunda keçirilməsinə xüsusi diqqət çəkiblər. Eyni zamanda, bu tədbirin dünyada Sülh Naminə Çoxtərəflilik və Diplomatiya Beynəlxalq Gününün qeyd olunduğu dövrə təsadüf etməsini əlamətdar hadisə kimi vurğulayıblar.
Qeyd edək ki, Qoşulmama Hərəkatının üzvü olan Malayziyanın Baş Naziri Muhyiddin Yassin də sözügedən Zirvə görüşünə qoşulub, bəyanatla çıxış edərək, ölkəsinin COVID-19 virusu ilə mübarizə təcrübəsini bölüşüb. Bildirilir ki, Baş Nazir çıxışında qlobal pandemiya qarşısında beynəlxalq müştərək dəyərləri təşviq edən Azərbaycan Prezidentinin təşəbbüsünün təqdirəlayiq olduğunu vurğulayıb.
Bundan başqa, Malayziyanın Nazirlər Kabineti də öz internet səhifəsində ölkə ictimaiyyətinə Zirvə görüşü barədə geniş məlumat təqdim edib.
Qeyd edək ki, materiallar həm ingilis, həm də malay dillərində yayılıb.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Kuala Lumpur