Malayziyada Azərbaycanın Müstəqillik Gününə həsr edilmiş rəsmi qəbul keçirilib
Pekin, 28 may, AZƏRTAC
Azərbaycanın Malayziyadakı səfirliyi paytaxt Kuala-Lumpurda Azərbaycanın dövlət müstəqilliyinin elan edilməsinin 107-ci ildönümünə həsr edilmiş rəsmi qəbul keçirib.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Malayziyanın dövlət qurumlarının rəsmiləri, Azərbaycan icmasının fəalları, media təmsilçiləri, eləcə də Malayziya ictimaiyyətinin çoxsaylı nümayəndələri iştirak ediblər.
Tədbirin əvvəlində ölkəmizlə bağlı videoçarx nümayiş etdirilib və hər iki ölkənin Dövlət himnləri səsləndirilib.
Mərasimdə Malayziya hökuməti adından ali təhsil naziri Zambri bin Abdul Qadir və səfir İrfan Davudov ölkələrimiz arasında mövcud olan tarixi dostluq əlaqələrindən danışıblar.
Səfir İ.Davudov Azərbaycanın qədim dövlətçilik ənənəsindən və şərəfli müstəqillik tarixindən bəhs edərək, xalqımızın 1918-ci ildə müsəlman dünyasında ilk parlamentli respublika qurduğunu, həmin dövr üçün bu addımın olduqca mütərəqqi nailiyyət hesab olunduğunu qeyd edib. Bildirib ki, növbəti illərdə tarixin ağır sınaqlarına baxmayaraq, Azərbaycan xalqı milli özünəməxsusluğunu, milli mənsubiyyətini böyük mübarizələr hesabına qoruyub, 1991-ci ildə öz dövlətçilik irsini yenidən canlandıraraq, Azərbaycan Demokratik Respublikasının varisi kimi müstəqilliyini bərpa edib.
Müstəqilliyin bərpasından sonra keçən dövr ərzində Ulu Öndər Heydər Əliyevin və onun siyasi xəttinin davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın regionun lider dövlətinə, dünya miqyasında sabitliyi, əmin-amanlığı, əməkdaşlığı dəstəkləyən fəal xarici siyasət yürütməsi ilə fərqlənən etibarlı tərəfdaşa çevrildiyi xüsusi qeyd edilib.
Səfir Malayziya xalqına və hökumətinə Azərbaycana göstərilən daimi dəstək üçün təşəkkür edərək, iki ölkə münasibətlərinin daha da inkişafı üçün həyata keçirilən tədbirləri qeyd edib, iqtisadi, enerji, turizm, investisiya, humanitar, təhsil kimi sahələrdə mühüm irəliləyişlərə nail olunacağına, bütün bu inkişafın iki ölkə arasındakı siyasi və qardaşlıq münasibətlərinin səviyyəsinə uyğun yüksələcəyinə inandığını bildirib.
Tədbir ziyafətlə davam edib.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin