MALİYYƏ NAZİRLİYİNDƏ GÖRÜŞ
Oktyabrın 7-də qonaqlar Azərbaycanın azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş qəhrəmanların xatirəsinə ehtiram əlaməti olaraq Şəhidlər xiyabanını ziyarət etmişlər.
Həmin gün Azərbaycan Respublikasının maliyyə naziri Əvəz Ələkbərov Gürcüstanın nümayəndə heyətini qəbul etmişdir.
Görüşdə nazir Əvəz Ələkbərov qonaqları səmimiyyətlə salamlayaraq, onların respublikamıza səfərini ikitərəfli münasibətlərin inkişafının, xalqlarımız arasında əsrlər boyu tarixi köklərə malik dostluq əlaqələrinin davamı kimi qiymətləndirmişdir.
Nazir son illər ölkəmizin Prezidenti Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanda aparılan iqtisadi islahatlar nəticəsində ölkə iqtisadi siyasətinin formalaşması prosesinin müvəffəqiyyətlə həyata keçirilməsini, iqtisadi sabitliyin qorunub saxlanılmasını, düzgün büdcə-vergi siyasətinin tətbiq edilməsini, iqtisadiyyata investisiya qoyuluşunun gücləndirilməsini və beynəlxalq maliyyə təşkilatları ilə işgüzar əlaqələrin səmərəliliyinə nail olunduğunu görüş iştirakçılarının diqqətinə çatdırmışdır.
Görüşdə ikitərəfli əlaqələrin genişləndirilməsi, xüsusilə də Gürcüstan hökumətinin mövcud maliyyə çətinliklərinin aradan qaldırılması və Azərbaycan Respublikasına olan dövlət borcunun restrukturizasiya olunması barədə müzakirələr aparılmışdır.
Gürcüstanın maliyyə naziri Mirian Qoqiaşvili ölkələrimiz arasında əməkdaşlığın inkişaf etdirilməsində Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin və Gürcüstan Prezidenti Eduard Şevardnadzenin rolunu xüsusi qiymətləndirmişdir. O, Gürcüstanın Azərbaycan Respublikası qarşısında olan borcunun tənzimlənməsi haqqında imzalanacaq sazişin qardaş ölkənin iqtisadi inkişafına güclü təkan verəcəyini bildirmişdir.