Marneulidə bu il kartof istehsalında ciddi artım gözlənilir
Tbilisi, 19 may, AZƏRTAC
Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı nazirinin müavini Solomon Pavliaşvili azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunda olub.
AZƏRTAC xəbər verir ki, nazir müavini bölgə qubernatoru, Marneuli meriyasının rəhbərliyi və fermerlərlə görüşüb. Görüşdə əsasən rayonda tədarük olunan kartof məhsulunun daşınması və satışı məsələləri müzakirə edilib. Bildirilib ki, bu il rayonda kartof istehsalında böyük artım gözlənilir. Fermerlərin cari ildə sahələrdən 30-40 min ton məhsul götürəcəkləri gözlənilir.
Nazir müavini deyib ki, fermerlərin məhsulun satışı və daşınması ilə bağlı heç bir problemi olmayacaq.
Görüşdə Gürcüstanın Milli Ərzaq Agentliyinin rəhbəri Zurab Çekuraşvili, qubernator Şota Rexviaşvili də iştirak ediblər.
Qeyd edək ki, azərbaycanlıların ən çox yaşadıqları Kvemo Kartli-Borçalı bölgəsi Gürcüstanın kənd təsərrüfatı məhsulları ilə təminatında mühüm rol oynayır. Azərbaycan dövləti də bu bölgədə kənd təsərrüfatının inkişafına dəstək məqsədilə 20-dən çox traktor və digər texnika yardımı edib. Fermerlər torpağın şumlanması, səpin, biçin və digər aqrotexniki işlərdə həmin texnikalardan istifadə edirlər.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi