Marneulidən olan “Gənclik” futbol klubunun yetirmələrinə idman geyimləri hədiyyə olunub
Tbilisi, 1 sentyabr, AZƏRTAC
Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev Marneuilidə fəaliyyət göstərən, əsasən yeniyetmə və gənclərdən ibarət olan “Gənclik” futbol klubunun idmançıları ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, səfir Azərbaycanda dövlət səviyyəsində idmana göstərilən qayğıdan, ölkəmizdə artıq ənənəvi hal almış beynəlxalq turnirlərin keçirilməsindən, Gürcüstandan olan idmançıların da bu yarışlarda iştirakından danışıb.
Bildirib ki, Azərbaycan dövləti Gürcüstanda yaşayan soydaşlarımıza bu sahədə də diqqət və qayğı göstərir. Gürcüstanda bir sıra idman meydançaları tikilərək istifadəyə verilib və bu obyektlərdən təkcə azərbaycanlılar deyil, gürcü və digər millətlərdən olan uşaq və gənclər də istifadə edirlər.
Diplomat AFFA-nın, Milli Məclisin, Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyinin, “SOCAR Georgia” və Uşaq Gənclər Futbol Federasiyasının birgə təşkilatçılığı ilə Gürcüstanın müxtəlif bölgələrindən olan futbol klublarına idman geyimləri, futbol topları hədiyyə olunduğunu diqqətə çatdırıb.
Bildirib ki, davamlı olaraq həyata keçirilən layihə çərçivəsində Marneulidə fəaliyyət göstərən “Gənclik” idman klubunun üzvlərinə də hədiyyələr var.
Sonra yeniyetmə idmançılara idman geyimləri və toplar hədiyyə olunub.
Klubun prezidenti və komandanın baş məşqçisi Əhməd İsmayılov klubun yetirmələrinin uğurları barədə məlumat verib. Bildirib ki, yüksək diqqət və qayğı, bu cür yanaşma və addımlar uşaq və gənclərin idmana marağının artmasında mühüm rol oynayır.
Baş məşqçi göstərilən diqqət və qayğıya, hədiyyələrə görə minnətdarlıq edib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi