Mart soyqırımı Azərbaycan tarixinin ən faciəli səhifələrindəndir
Ağcabədi, 31 mart, AZƏRTAC
1918-ci ilin mart-aprel aylarında Bakı, Şamaxı, Quba, Lənkəran, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə ermənilər tərəfindən törədilmiş qətl və qırğınlar Azərbaycan tarixinin ən ağrılı və faciəli səhifələrindəndir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikir Ağcabədi rayon Heydər Əliyev Mərkəzində 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar keçirilən tədbirdə səsləndirilib. Tədbir iştirakçıları əvvəlcə soyqırımı qurbanlarının və respublikamızın ərazi bütövlüyü uğrunda həlak olan Vətən övladlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra "31 Mart - Azərbaycanlıların Soyqırımı Günüdür" adlı videoçarx göstərilib.
Heydər Əliyev Mərkəzinin direktoru səlahiyyətlərini müvəqqəti icra edən Rövşanə Əliyeva, Ağcabədi Rayon İcra Hakimiyyətinin əməkdaşı Vüsalə Məmmədova, Ağcabədi şəhər bələdiyyəsinin sədri Solmaz Rəhimova, “Aran” qəzetinin baş redaktoru Məhsəti Ağayeva, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Ağcabədi nümayəndəliyinin direktoru Əli Əhmədov və başqaları çıxış edərək, 1918-1920-ci illərdə ermənilər tərəfindən xalqımıza qarşı törədilmiş soyqırımı və qətliamlardan bəhs ediblər. Bildirilib ki, 1918-ci ilin mart soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir. Sovet hakimiyyəti dövründə təxminən 70 il xalqın qan yaddaşını silməyə aramsız cəhdlər göstərilsə də, bu, mümkün olmadı. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini ortaya qoymaq imkanı yarandı. İndi uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər bir-bir açılır. Ulu öndər Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanı ilə soyqırımı aktlarına siyasi-hüquqi qiymət verilməsi bu sahədə aparılan tədqiqatlara, həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına təkan verdi. Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədilə 31 mart - Azərbaycanlıların Soyqırımı Günü elan edildi.
Diqqətə çatdırılıb ki, Azərbaycan Ordusu qırx dörd günlük haqq savaşımızda düşmənlərdən hərb meydanında qisasını aldı. Düşmən üzərində şanlı Qələbə qazanaraq xalqımıza öz dədə-baba torpaqlarının azad edilməsi sevincini yaşatdı.