Masallı Regional Mədəniyyət İdarəsindən yeni təşəbbüs: “Evdə qal, evdə yarat!”
Masallı, 13 aprel, Bağır Əliyev, AZƏRTAC
Masallı Regional Mədəniyyət İdarəsinin əməkdaşları koronavirus (COVID-19) pandemiyası ilə mübarizə məqsədilə ölkəmizdə tətbiq olunan xüsusi karantin rejimi dövründə yaşı 65-dən yuxarı, vaxtilə mədəniyyət sahəsində çalışmış həmkarları və kəndlərdə yaşayan aztəminatlı ailələrlə evlərində görüşərək, onlara ərzaq bağlamaları paylayıblar. İdarə, həmçinin Koronavirusla Mübarizəyə Dəstək Fonduna 5000 min manat ianə edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Masallı Regional Mədəniyyət İdarəsinin əməkdaşları xüsusi karantin rejimi dövründə evdə qalsalar da, sevimli peşələri ilə məşğul olurlar.
Masallı İncəsənət Məktəbinin müəllimləri şagirdlərinə onlayn qaydada dərslər keçir, musiqiçilər, ifaçılar isə “Evdə qal, evdə yarat!” təşəbbüsü ilə videogörüntülərlə musiqi və ifaçılıq bacarıqlarını nümayiş etdirirlər.
Masallıda, həmçinin onlayn qaydada ulu öndər Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş festivala start verilib. 10 aprel-10 may tarixlərində bədii qiraət, rəsm (əl işləri), tək ifa olmaqla 3 janr üzrə yaş həddi 7-70 olan bütün vətəndaşların iştirak edə biləcəyi festival virtual qaydada keçirilir.
Münsiflər heyəti tərəfindən qaliblərə diplom və hədiyyələr təqdim ediləcək. Regional İdarənin təşəbbüsü Mədəniyyət Nazirliyi tərəfindən razılıqla qarşılanıb.
Masallı rayonundan Milli Məclisə seçilmiş deputatlar Anar İsgəndərov və Musa Qasımlı da rayonun mədəniyyət işçilərinin evdə qalaraq yaradıcılıqlarını davam etdirmələrinin, kitab oxumaq kampaniyasını genişləndirilmələrinin, nikbin əhval-ruhiyyədə olmalarının bütün cəmiyyət üçün əhəmiyyətli olduğunu qeyd edərək, onların əməyini yüksək dəyərləndiriblər.