Masallıda Böyük Vətən Müharibəsində tarixi qələbənin 66-cı ildönümü təntənə ilə qeyd edilmişdir
Masallı, 10 may (AZƏRTAC). Mayın 9-da Masallı şəhərindəki “Şəhidlər” abidə kompleksinin önündə Böyük Vətən Müharibəsində tarixi qələbənin 66-cı ildönümü təntənə ilə qeyd edilmişdir.
Masallı rayonundan olan Böyük Vətən Müharibəsi veteranları ildönümünə həsr olunmuş tədbirə onlara göstərilən dövlət qayğısının yaratdığı ruh yüksəkliyi ilə gəlmişdilər. Veteranların sinəsində orden-medallar sıralanmışdı. Bu, onların keçdikləri şərəfli ömür yolunun göstəricisi idi. Rayon ictimaiyyətinin nümayəndələri də veteranların xoş ovqatına, bayram sevincinə qoşulmuşdular.
Müharibə veteranları abidənin önünə təzə tər çiçəklər düzmüşlər.
Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev Böyük Vətən Müharibəsinin iştirakçılarını İkinci dünya müharibəsində tarixi qələbənin ildönümü münasibətilə təbrik edərək bildirmişdir ki, 1941-1945-ci illər müharibəsində Azərbaycanın 700 min övladı faşizmə qarşı döyüşlərdə iştirak etmiş, dünyanın faşizm caynağından qurtulmasına kömək etmişdir. Həmin odlu-alovlu illərdə ön və arxa cəbhələrdə fədakarlıq göstərən Azərbaycan xalqı tarixin ağır sınaqlarına sinə gərməyi, bu sınaqlardan üzüağ çıxmaq bacardığını sübut etmişdir.
Ümummilli lider Heydər Əliyev xalqın bu qəhrəmanlığını müasir gəncliyə örnək göstərərək demişdir: “Gənclər bilməlidirlər ki, 1941-1945-ci illər Böyük Vətən Müharibəsində Azərbaycan xalqının qəhrəmanlıq göstərən generalları, zabitləri, sıraviləri olub. Onlar öz qəhrəmanlıqları ilə xalqımızın hörmətini qazanıblar, Azərbaycan xalqını tanıdıblar. Bunların hamısı gənc nəslimiz üçün örnəkdir və örnək olmalıdır”.
Qeyd olunmuşdur ki, bu gün müharibə veteranlarına ölkəmizdə böyük dövlət qayğısı, hörmət və ehtiram vardır. Prezident İlham Əliyevin bu sahədəki çoxsaylı qərar və sərəncamları ilə müharibə iştirakçılarına, həlak olmuş döyüşçü ailələrinə, o illərdə arxa cəbhədə çalışanlara birdəfəlik müavinət verilmiş, bu zümrədən olan insanların həyat səviyyəsinin yüksəldilməsi üçün tədbirlər görülmüşdür.
Müharibə veteranları şəhərin Heydər Əliyev parkına gələrək ulu öndərin abidəsinin önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad etmişlər.
Tədbir Heydər Əliyev parkındakı “Gənclər” kafesində bayram süfrəsi arxasında davam etmişdir.