MASALLIDA ”HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCANÇILIQ” KİTABININ TƏQDİMATI OLMUŞDUR
Kitaba Qusar, Lənkəran və Şəki şəhərlərində “Heydər Əliyev və Azərbaycançılıq” mövzusunda keçirilmiş bölgə müşavirələrinin materialları daxil edilmişdir.
Paytaxtın “Master” nəşriyyatında çap olunmuş toplunun tərtibçisi və redaktoru Muzəffər Talıblı, buraxılışına məsul Milli azlıqlarla və dini qurumlarla iş üzrə dövlət müşaviri Hidayət Orucovdur.
Mərasimdə rayon icra hakimiyyətinin başçısı Oqtay Əliyev çıxış edərək müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli liderimiz Heydər Əliyevin fəaliyyətyində milli birliyin və vəhdətin əvəzolunmaz təminatçısı kimi Azərbaycançılıq və Vətənçilik prinsiplərinin aparıcı xətt təşkil etdiyini vurğulamışdır. Natiq böyük rəhbərimizin bu təməl prinsiplərinin reallaşmasını ölkəmizdə yaşayan bütün xalqların həmrəyliyində, dünya azərbaycanlılarının mütəşəkkil birliyində və onların sıx əməkdaşlıq əlaqələrinin mövcudluğunda gördüyünü bildirmiş, yeni toplunu Heydər Əliyev irsinin öyrənilməsinə dəyərli töhfə sanmışdır.
Tədbirdə çıxış edənlər Heydər Əliyev milli siyasət xəttinin əsas istiqamətlərindən olan Azərbaycançılıq və Vətənçilik prinsiplərinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırmış, həyatımızın bütün sahələrində qazanılan nailiyyətləri bu siyasətin təntənəsi kimi qiymətləndirmişlər.