Masallıda şəhidlərin xatirəsinə həsr olunmuş minifutbol turnirinə yekun vurulub
Masallı, 23 noyabr, Bağır Əliyev, AZƏRTAC
Noyabrın 23-də Masallı şəhərindəki “Viləş” futbol meydançasında rayon gənclər və idman idarəsi, Bioloji Tibb Klinikası, AFFA və “Azad” Futbol Klubunun birgə təşkilatçılığı ilə “Şəhidlər ölməz, Vətən bölünməz” devizi ilə keçirilən minifutbol turnirinə yekun vurulub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, oktyabrın 11-dən başlanan minifutbol turnirində 12 komanda qələbə uğrunda mübarizə aparıb.
Finalda “Qala-95” və “Qrand” komandaları qarşılaşıblar. Rəqibinə böyük üstünlüklə - 4:1 hesabı ilə qalib gələn “Qala-95” komandası turnirin qalibi olub. “Qrand” komandası ikinci, “Bioloji Təbabət Klinikası” komandası isə üçüncü yerə layiq görülüblər.
İlk üç yeri tutan komandalara pul mükafatı, kubok və diplomlar təqdim olunub. Yarışın yekun nəticələrinə əsasən, ən yaxşı qapıçı və oyunçular da hədiyyələrlə mükafatlandırılıblar.