REGİONLAR
Masallının gənc könüllüləri rayonun ictimai-siyasi, sosial və mədəni həyatında fəal iştirak edirlər
Masallı, 11 iyun, Bağır Əliyev, AZƏRTAC
Masallı rayonunda 114 nəfər könüllüdən ibarət 20 mobil qrup yaradılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, gənc könüllülər rayonun ictimai-siyasi, sosial və mədəni həyatında, yeni növ koronavirus infeksiyasının yarada biləcəyi təhlükə ilə mübarizədə dövlət tərəfindən həyata keçirilən tədbirlərin dəstəklənməsi məqsədilə həyata keçirilən tədbirlərdə fəal iştirak edirlər.
Onlar vətəndaşların maarifləndirilməsində, onlara tibbi spirt və tibbi maskaların paylanılmasında dövlət qurumlarının işçiləri ilə birgə fəaliyyət göstərirlər.
Masallının gənc könüllüləri yaşı 65-dən yuxarı olan insanlara və yardıma ehtiyacı olan ahıllara zəruri ehtiyaclarının qarşılanmasında köməklik göstərir, aztəminatlı ailələrə verilən ərzaq yardımlarının çatdırılmasında, vətəndaşlara tibbi maska və spirtlərin paylanılmasında, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə vətəndaşlar arasında maarifləndirmə işinin aparılmasında yaxından köməklik göstərirlər.
Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının, Masallı Rayon Heydər Əliyev Mərkəzinin, “Gənclər Evi” Sosial Xidmət Mərkəzinin, Təhsilə İctimai Dəstək Qrupunun, Gənclərin İnkişafı və Karyera Mərkəzinin könüllüləri pandemiya dövründə rayonda həyata keçirilən tədbirlərdə xüsusi fəallıq nümayiş etdirirlər.
Gənc könüllülər, həmçinin Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon təşkilatının sosial işçiləri ilə birlikdə yaşı 65-dən yuxarı olan tənha insanlara və yardıma ehtiyacı olan ahıllara ərzaq yardımlarının paylanmasında, tənha insanların zəruri ehtiyaclarının qarşılanmasında, vətəndaşların öz vəsaiti hesabına gündəlik ərzaq məhsullarının, dərman vasitələrinin alınmasına və kommunal ödənişlərinin həyata keçirilməsinə köməklik göstərirlər.