MDB EKSPERTLƏRİ MİNSKDƏ İNTELLEKTUAL MÜLKİYYƏT SAHƏSİNDƏ QANUN POZUNTULARININ QARŞISINI ALMAQ MƏSƏLƏLƏRİNİ MÜZAKİRƏ EDƏCƏKLƏR
MDB-nin nizamnamə və digər orqanları yanında üzv dövlətlərin daimi səlahiyyətli nümayəndələri Şurası ilə İqtisadi Məsələlər Komissiyasının birgə iclasının iştirakçıları əməkdaşlıq haqqında sazişin iştirakçısı olan dövlətlərin birgə işçi komissiyasının intellektual mülkiyyət sahəsində qanun pozuntularının aradan qaldırılması sahəsində fəaliyyəti haqqında informasiyanı müzakirə edəcəklər.
AZƏRTAC-ın xüsusi müxbiri Belarus Teleqraf Agentliyinə istinadla xəbər verir ki, görüş aprelin 24-də MDB-nin Minskdəki iqamətgahında keçiriləcəkdir.
İclasda əsas diqqət 2007-ci ildə sahə əməkdaşlığı orqanlarının işinin yekunlarına və fəaliyyətlərinin optimallaşdırılmasına yönəldiləcəkdir.
Görüş iştirakçıları MDB-nin gələcək inkişaf Konsepsiyasının reallaşdırılması üzrə əsas tədbirlər planının yerinə yetirilməsinin gedişini təhlil edəcək, MDB Xarici İşlər Nazirləri Şurasının bu il martın 28-də Moskvada baş tutmuş görüşünün yekunlarını, habelə hökumət başçılarının mayın 23-də keçiriləcək görüşünə hazırlıq məsələlərini müzakirə edəcəklər.
İclasda İcraiyyə Komitəsinin sədri - MDB-nin icraçı katibi Sergey Lebedev iştirak edəcəkdir.