MDB ekspertlərinin iclasında Azərbaycanın iradları nəzərə alınmışdır
Minsk, 23 aprel (AZƏRTAC). Minskdə, MDB-nin İcraiyyə Komitəsində MDB-nin iştirakçısı olan dövlətlərin 1941-1945-ci illər Böyük Vətən müharibəsində sovet xalqının Qələbəsinin 70-ci ildönümü ilə əlaqədar Birliyin iştirakçısı olan ölkələrin xalqlarına və dünya ictimaiyyətinə Müraciəti və MDB Dövlət Başçıları Şurasının (DBŞ) müraciətlə bağlı Qərarı layihələrinin tamamlanması və razılaşdırılması üzrə ekspert qrupunun iclası keçirilmişdir. Bu barədə AZƏRTAC-a MDB İcraiyyə Komitəsinin mətbuat xidmətindən məlumat vermişlər.
İclas iştirakçıları Azərbaycandan da daxil olan iradları nəzərə alaraq, sənədlərin layihələrini tamamlamış və müəyyən olunmuş qaydada baxılması üçün MDB DBŞ-yə təqdim olunmasını MDB İcraiyyə Komitəsinə təklif etmişlər.
Sənəddə Böyük Vətən müharibəsində həlak olanların xatirəsini ehtiramla anmaq, hərbi vətənpərvərlik işinə xüsusi diqqət yetirmək, əsgər məzarlarının, xatirə komplekslərinin, abidə və obelisklərin, habelə partizanların, gizli fəaliyyət göstərən antifaşistlərin, faşist düşərgələri məhbuslarının məzarlarının qorunmasına və yaxşı vəziyyətdə saxlanılmasına daim qayğı göstərmək, Böyük Vətən müharibəsi illərində həlak olmuş döyüşçülərin və dinc vətəndaşların qalıqlarının axtarışını davam etdirmək çağırışı yer almışdır. Sənəddə həyatda olan veteranların qayğısına qalmağın zəruri olduğu da vurğulanır.
Bundan əlavə, Müraciətdə böyüməkdə olan nəslə xalqların faşizmə qarşı mübarizədə göstərdiyi böyük hünərə görə qürur hissinin aşılanmasına, Böyük Vətən müharibəsi tarixinin saxtalaşdırılması və yenidən yazılması cəhdlərinə qarşı mübarizə aparılmasına xüsusi diqqət yetirilir. Sənəddə deyilir ki, beynəlxalq birlik BMT-nin məqsəd və prinsipləri əsasında ədalətli və təhlükəsiz dünya nizamı qurmaq üçün səylərini birləşdirməlidir. MDB-nin iştirakçısı olan dövlətlər bütün ölkələrin davamlı inkişafının və tərəqqisinin təmin olunması naminə dünya birliyi ilə hərtərəfli əməkdaşlığı bundan sonra da möhkəmləndirmək niyyətindədirlər.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk