MDB-NİN LİZİNQƏ DAİR DÖVLƏTLƏRARASI FORUMU
Azərbaycanı forumda İqtisadi İnkişaf Nazirliyi hüquq departamentinin direktoru Elçin Nadirov təmsil edir. Onun “Azərbaycanda lizinqin qanunvericilik və normativ hüquqi bazası” mövzusunda məruzəsində ölkəmizdə iqtisadi islahatların müsbət nəticələrindən danışıldı. Bildirildi ki, müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyevin rəhbərliyi ilə irimiqyaslı islahatlar, ilk növbədə, iqtisadi islahatlar aparılması sayəsində respublikamız bazar münasibətlərinin təşəkkülü yolunda ciddi addımlar atmış və qısa müddətdə dünya iqtisadiyyatına inteqrasiya etmişdir. Xarici sərmayələrin Azərbaycana cəlb edilməsi nəticəsində iqtisadiyyatda çox müsbət irəliləyiş nəzərə çarpır. Məruzədə həmçinin vurğulandı ki, dövlət ölkəmizdə kiçik və orta biznesin, ümumən, sahibkarlığın inkişafına qayğı göstərir. Prezident İlham Əliyevin yerli sahibkarlarla görüşü artıq müsbət nəticələrini verməkdədir.
E.Nadirov Azərbaycanda, habelə digər MDB dövlətləri arasında lizinq münasibətlərinin vəziyyətindən ətraflı söhbət açdı, Birlik dövlətlərinin lizinq fəaliyyətini tənzimləyən milli qanunvericilikləri uyğunlaşdırmağın faydalılığını vurğuladı.
Forum iştirakçıları lizinq əməliyyatlarından istifadəni genişləndirmək üçün əlverişli hüquqi, təşkilati və iqtisadi şərait yaradılmasını nəzərdə tutan vahid dövlətlərarası saziş hazırlanmasına dair öz təklif və tövsiyələrini MDB İcraiyyə Komitəsinə təqdim edəcəklər. Lizinq haqqında dövlətlərarası saziş hazırlanması barədə qərar hələ 2003-cü ilin dekabrında MDB İqtisadi Şurasının iclasında qəbul olunmuşdu. Hazırda Birlik dövlətlərinin işçi qrupları həmin sazişin mətni üzərində işləyirlər. Saziş tam hazır olduqdan sonra müzakirə üçün MDB hökumət və dövlət başçıları şuralarına təqdim ediləcəkdir.
Forumun sonunda E.Nadirov “Azərbaycanın sərmayə bələdçisi” mövzusunda kompakt diski iştirakçılar arasında yaydı. Bu diskdə respublikamız və Azərbaycan iqtisadiyyatının cəlbedici sahələri barədə geniş məlumat verilir.