MDU-nun rektoru IAU İdarə Heyətinin növbəti iclasında iştirak edib
Bakı, 30 noyabr, AZƏRTAC
Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov noyabrın 28-29-da Qətərdə keçirilən Beynəlxalq Universitetlər Assosiasiyasının (IAU) İdarə Heyətinin növbəti iclasında iştirak edib.
MDU-dan AZƏRTAC-a bildirilib ki, Qətər Universitetinin (Doha, Qətər) ev sahibliyi etdiyi iclasda “IAU 2030” Strategiyasının 4 prioritet istiqaməti üzrə (Qlobal əhatəli və dəyər əsaslı liderlik; Cəmiyyət üçün beynəlmiləlləşmə və qlobal ortaq məhsul; Davamlı inkişaf üçün ali təhsil və tədqiqat; Ali təhsilin rəqəmsal transformasiyası) müvafiq İşçi qruplarının hesabatları dinlənilib.
İdarəetmə, üzvlük, maliyyə, IAU Katibliyi, kommunikasiya və digər əhəmiyyətli mövzularda müzakirələr aparılıb və həmin məsələlərlə bağlı müvafiq qərarlar qəbul edilib.
Qeyd edək ki, MDU 2022-ci ildə IAU-nun üzvü olub. 2022-ci ilin 25-28 oktyabr tarixlərində Dublində keçirilmiş IAU-nun 16-cı Baş Konfransında MDU rektoru bu beynəlxalq təşkilatın idarə heyətinə üzv seçilib.