MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT NAZİRLİYİ MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI
Dünya şöhrətli musiqiçi Mstislav Rostropoviçin 75 illik yubileyi münasibətilə martın 26-da Londonun “Bakingem” sarayında təntənəli mərasim keçirilmişdir. İngiltərə Kralıçası II Yelizavetanın himayəsi altında keçirilən tədbirdə şahzadə Çarlz çıxış etmişdir. O, yubilyarın Bakıda -Azərbaycanda anadan olduğunu xüsusi vurğulamışdır.
Avropa ölkələrinin 50-dən çox kral ailəsinin nümayəndələrinin toplaşdığı mərasimdə dünyanın bir sıra tanınmış siyasətçiləri, iş adamları və mədəniyyət xadimləri də iştirak etmişlər.
Tədbirdə ölkəmizi Azərbaycan Respublikası Prezidentinin qızı Sevil Əliyeva, mədəniyyət naziri Polad Bülbüloğlu və Prezidentin İcra Aparatının humanitar siyasət şöbəsinin müdiri Fatma Abdullazadə təmsil etmişlər.
Mərasimdə çıxış edən maestro Mstislav Rostropoviç bütün iştirakçılara dərin minnətdarlığını bildirmişdir.
Təntənəli yubiley mərasimi konsert proqramı və ziyafətlə başa çatmışdır.
X X X
Martın 27-də Londonda yerləşən və Avropanın ən iri Mədəniyyət mərkəzi sayılan “Barbikan” sarayında dünya şöhrətli musiqiçi Mstislav Rostropoviçin 75 illiyi ilə əlaqədar London Simfonik Orkestri tərəfindən təşkil edilmiş yubiley tədbiri keçirilmişdir.
Tədbir çox yüksək yaradıcılıq şəraitində keçmişdir. Tədbirdə Mstislav Rostropoviç çıxış etmişdir. O, öz çıxışında doğulub boya-başa çatdığı Azərbaycanda 75 illiyi şərəfinə keçirilmiş tədbirlərdən geniş söhbət açmışdır.
Tədbir proqramı çərçivəsində konsert verilmişdir. Konsertdə Sergey Prokofyevin, Sergey Raxmaninovun, Modest Musorqskinin, Bela Bartokun əsərləri, Rodion Şedrinin və Leonid Bernstaynın xüsusi olaraq yubiley tədbiri üçün yazdıqları “Giya Konçelli” əsəri səslənmişdir.
Konsertdə klassik ifaçılıq sənətinin dünya şöhrətli ulduzları - dirijorlardan S.Ozava, Z.Metta, M.Yanson, K.Deyvis, K.Penderetski, habelə ifaçılardan Y.Başmet, M.Vengerov, Y.Kisin, Q.Kremer, M.Argeriç və başqaları iştirak etmişlər.
Konsertdən sonra Mstislav Rostropoviçin şərəfinə ziyafət verilmişdir. Ziyafətdə Avropanın kral ailələrinin nümayəndələri və digər hörmətli qonağlar iştirak etmişlər.
Yubiley tədbirində ölkəmizi Azərbaycan Respublikası Prezidentinin qızı Sevil Əliyeva, mədəniyyət naziri Polad Bülbüloğlu, Prezidentin İcra Aparatının Humanitar siyasət şöbəsinin müdiri Fatma Abdullazadə təmsil etmişlər.