“Məhəllə futbolu” layihəsi davam edir
Bakı, 2 avqust, AZƏRTAC
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası “Məhəllə futbolu” layihəsini davam etdirir.
AZƏRTAC AFFA-ya istinadla xəbər verir ki, “Böyük futbola gedən yol məhəllədən başlayır” prinsipinə əsaslanaraq, sağlam həyat tərzinin təbliği və uşaqların futbola marağının artırılması məqsədilə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası tərəfindən “Məhəllə futbolu” layihəsi 2016-cı ildə yenidən bərpa edilib. Layihə çərçivəsində futbol oynamaq üçün həyətlərdə bir səyyar futbol meydançası quraşdırılır və sakinlərin istifadəsinə verilir.
2016-cı ilin yay aylarında Bakının iki məhəlləsində tətbiq edilmiş layihə 2017-ci ildən etibarən Bakıda və digər şəhərlərimizin məhəllələrində davam edir. Bu il “Məhəllə futbolu” layihəsinə avqustun 1-dən Yeni Günəşli qəsəbəsində yerləşən “D Park”da start verilib.
Səyyar meydançaların əhalinin istifadəsinə pulsuz verilməsi ilə yanaşı, meydançalarda AFFA-nın təyin etdiyi məşqçilər tərəfindən pulsuz futbol dərsləri də keçirilir. Əhalinin futbola marağını artırmaq üçün mütəmadi olaraq milli komandalarımızın üzvləri meydançaları ziyarət edir və məhəllə sakinləri ilə birgə futbol oynayırlar.
2017-ci ildə “Məhəllə futbolu” layihəsi martda Şəkidə start götürüb. Belə layihələr xüsusilə regionlarda böyük maraqla qarşılanır. Şəki şəhərindəki 19 nömrəli məktəbin həyətində quraşdırılan meydançadan idman dərsləri vaxtı məktəblilər, günün digər vaxtlarında isə yaxınlıqda yaşayan sakinlər istifadə edirdilər.
Ümumilikdə 30 gün ərzində mindən çox şəxs meydançada futbol oynayıb.