MƏHKUMLARIN SAĞLAMLIĞINA HƏSR OLUNAN BEYNƏLXALQ SEMİNAR KEÇİRİLMİŞDİR
Ədliyyə və Səhiyyə nazirlikləri, BQXK, qeyri-hökumət təşkilatları təmsilçilərinin, beynəlxalq ekspertlərin, penitensiar sahədə çalışan səhiyyə işçilərinin, bir sıra cəzaçəkmə müəssisələri rəhbərlərinin iştirak etdiyi seminarda ədliyyə nazirinin müavini Vilayət Zahirov, BQXK-nın ölkəmizdəki nümayəndəliyinin başçısı Meri Vernts, Səhiyyə Nazirliyi müalicə-profilaktika idarəsinin rəisi Şahnaz Baxşəliyeva çıxış edərək, son zamanlar beynəlxalq ictimaiyyəti daha çox narahat edən vərəm və QİÇS xəstəliklərinə qarşı aparılan mübarizə sahəsində müxtəlif ölkələrin təcrübəsinin öyrənilməsinin, Ədliyyə və Səhiyyə nazirliklərinin müvafiq qurumlarının, habelə QHT-lərin fəaliyyətinin əlaqələndirilməsinin, səmərəli əməkdaşlıq imkanlarının axtarılmasının vacibliyini qeyd etmişlər.
Üç gün davam edən tədbirdə beynəlxalq ekspertlər – Ludo Kieboms (Belçika), Yuri Sarankov (Ukrayna), Hernan Reyes (İsveçrə), Sergey Mişuştin (Rusiya) və Fati Qabuniya (Gürcüstan) Şərqi Avropa, Cənubi Amerika və MDB ölkələrinin penitensiar sistemində səhiyyə xidmətinin təşkili və fəaliyyəti, cəzaçəkmə yerlərində vərəm xəstəliyinin və QİÇS-in yayılmasının qarşısının alınması, zərərin azaldılması təcrübəsi barədə məruzə etmişlər.
Ayrı-ayrı mövzular üzrə yaradılmış işçi qruplarda dialoq formasında keçirilən müzakirələrdə bu xəstəliklərə qarşı mübarizədə elmin müasir nailiyyətlərinin tətbiqi və praktiki məsələlər ətrafında faydalı fikir mübadiləsi aparılmışdır.
Bu sahədə həyata keçirilən tədbirlərin səmərəsini artırmaq üçün penitensiar və mülki səhiyyə orqanlarının qarşılıqlı fəaliyyətinin gücləndirilməsi, digər dövlətlərdə tətbiq olunan müsbət təcrübə nəzərə alınmaqla beynəlxalq əməkdaşlıq imkanlarından daha fəal istifadə edilməsinin zəruriliyi vurğulanmışdır.
İşçi qrupların irəli sürdüyü tədbirlər paketinə əsasən, seminarın yekun iclasında müvafiq konkret təkliflər verilmişdir.