MEHRİBAN DOSTLARIN GÖRÜŞÜ
Rusiya səfirliyində belə görüşlər ənənəyə çevrilmişdir. Mehriban və qayğıkeş dostların əvvəlki görüşü yazda olmuşdu. Səfir bu qeyri-rəsmi tədbiri açaraq, ötən dövrdə Azərbaycan Respublikasının həyatında bir çox əlamətdar hadisələr baş verdiyini söylədikdə, təbii ki, salona toplaşanların hər biri, ilk növbədə, ölkə üçün taleyüklü prezident seçkiləri barədə, xalqın müdrik qərarı ilə öz sələfinin, ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttini – bir sıra mühüm sahələrlə yanaşı, dünyanın bütün dövlətləri ilə, xüsusən, qonşularla sıx əməkdaşlığa yönəldilmiş xətti layiqincə davam etdirə biləcək Prezidentin seçildiyi barədə düşünürdü. Axı, Rusiya-Azərbaycan əlaqələri məhz bu xəttin sayəsində ölkələrimiz arasında həmişə mövcud olmuş xoş və səmimi qarşılıqlı münasibətlərin əvvəlki məcrasına qayıtmışdır.
Rusiya Federasiyasının Bakıdakı səfirliyinin təşkil etdiyi növbəti görüş gecəsi də bunun daha bir bariz təzahürü idi.
Gecənin bədii hissəsini Səməd Vurğun adına Rus Dram Teatrının kollektivi öz üzərinə götürmüşdü. Əlüstü düzəldilmiş konsertin iştirakçılarını teatrın baş rejissoru, xalq artisti Aleksandr Şarovski həmişəki kimi məharətlə təqdim etdi. Onların “Qafqazlıların Rusiyada macəraları” estrada tamaşasından (mətni Vladimir Neverovundur) göstərdikləri üç miniatür hamıya xoş ovqat bəxş etdi. Yeri gəlmişkən, bu tamaşa yaxın vaxtlarda Moskva Satira Teatrının kiçik səhnəsində də göstəriləcəkdir. Baş rolun ifaçısı, xalq artisti Afaq Bəşirqızı özünün bənzərsiz sənəti və heyrətamiz istedadı ilə hamının qəlbini fəth edi.
Teatrın kollektivi ilə görüş, qonaqlara göndərilmiş dəvətnamədə vəd edildiyi kimi, çox maraqlı və parlaq oldu.
Bir sözlə, həmin gecə hökm sürən xoş ovqat, ev sahiblərinin qonaqpərvərliyi və qarşılıqlı mehribanlıq, səmimilik hamıya gözəl və unudulmaz təsir bağışladı.