Məktəbin İnkişaf Planının hazırlanmasına dair görüşlər davam edir
Bakı, 11 may, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində Məktəbin İnkişaf Planının hazırlanmasına dair görüşlər davam edir.
Bu barədə AZƏRTAC-a BŞTİ-dən məlumat verilib. Bildirilib ki, paytaxtdakı 239, 71, 148 və 165 nömrəli tam orta məktəblərdə keçirilən növbəti görüşlərdə Təlimə Dəstək Mərkəzinin metodistləri iştirak ediblər. Görüşlərin keçirilməsində məqsəd ümumi təhsil məktəblərində metodiki işin təşkilinə dəstək vermək, yeni yanaşmaların məktəblərdə çevik tətbiqinin təmin olunması, məktəbdaxili və məktəblərarası öyrədici mühitin zənginləşdirilməsi, təlimin keyfiyyətinin artırılması və fənn metodbirləşmələrinin fəaliyyətinin düzgün istiqamətləndirilməsinə nail olmaq üçün müvafiq istiqamətlər üzrə metodiki yardım göstərməkdir.
Görüşlərdə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin keçirdiyi keyfiyyət monitorinqinin nəticələri təhlil edilib, müzakirələr aparılıb və məktəblərin inkişaf perspektivləri müəyyənləşdirilib. Həmçinin Məktəbin İnkişaf Planının sxemi və strukturuna dair fikir mübadiləsi aparılıb.