Məktəblilər arasında keçirilən respublika çempionatının zona mərhələsinin qalibləri müəyyənləşib
Bakı, 2 aprel, AZƏRTAC
Məktəblər arasında respublika çempionatının proqramına uyğun olaraq atletika idman növü üzrə zona yarışı keçirilib.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Respublika Olimpiya Mərkəzində keçirilən yarışda Şuşa, Zəngilan rayonları və Bakı şəhərinin 12 rayonunun məktəb komandaları mübarizə aparıb.
Yarışların nəticəsi olaraq I yeri Bakı şəhəri 251 nömrəli tam orta məktəbin, II yeri Bakı şəhəri S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasının, III yeri Bakı şəhəri 269 nömrəli tam orta məktəbin komandası tutub. Qaliblərə diplomlar təqdim olunub.
Daha bir zona yarışı şahmat idman növü üzrə Salyan rayon Uşaq-Gənclər İdman Şahmat Məktəbində start götürüb. Yarışda Astara, Lənkəran, Masallı, Yardımlı, Lerik, Cəlilabad, Biləsuvar, Salyan, Neftçala, Cəbrayıl rayonlarının məktəb komandaları mübarizə aparır. Beş gün davam edəcək yarışlara aprelin 6-da yekun vurulacaq.
Çempionatın əsasnaməsinə uyğun olaraq zona yarışlarında I və II yeri tutan məktəb komandaları final mərhələsinə vəsiqə qazanır. Yarışların açılış mərasimində tərəfdaş qurumların, idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, məktəblər arasında respublika çempionatı 2018-ci il sentyabrın 26-da Təhsil, Gənclər və İdman nazirlikləri, Milli Olimpiya Komitəsi, Azərbaycan Məktəb İdmanları Federasiyası tərəfindən imzalanmış birgə əmrə əsasən keçirilir.