Məktəblilər Xocalıda qətlə yetirilən həmyaşıdlarını yad ediblər
Bakı, 24 fevral, Səlahət Yusifov, AZƏRTAC
XX əsrin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımından 25 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni quldurları tərəfindən şəhərin bütün sakinləri kimi 63 uşaq da amansız soyqırımına məruz qalıb. Respublikamızın bütün təhsil ocaqlarında olduğu kimi, Bakının Xəzər rayonunun Qala qəsəbəsindəki 323 nömrəli tam orta məktəbdə də Xocalı soyqırımının 25-ci ildönümü ərəfəsində anım mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Xocalıda dinc sakinlərə, qadınlara və ahıl insanlara qarşı erməni millətçilərinin törətdikləri qanlı cinayətlərdən, müdhiş gecənin dəhşətlərindən danışan məktəbin direktoru Ruhiyyə İbrahimova soyqırımı zamanı qətlə yetirilənlərin arasında məktəblilərin də olduğunu diqqətə çatdırıb.
Vurğulanıb ki, XX əsrin sonunda ermənilərin Xocalıda törətdikləri soyqırımı indiyədək bəşəriyyətə qarşı yönəldilmiş ən ağır cinayətlərdən biri kimi qiymətləndirilir. Xocalı faciəsi tarixi yaddaşlardan heç vaxt silinməyən Xatın, Liditsa, Oradur, Xolokost, Sonqmi, Ruanda və Srebrenitsa kimi dəhşətli faciələrdən heç də fərqlənmir. Adı çəkilən hadisələr müharibələr tarixinə dinc əhalinin soyqırımı kimi daxil olub və bütün dünyada geniş əks-səda doğurub. Xüsusi qəddarlıqla həyata keçirilən Xocalı soyqırımının törədilməsi zamanı ermənilər Azərbaycanın bu qədim yaşayış məskəninin yer üzündən silinməsini qarşılarına məqsəd kimi qoymuşdular. Çünki Xocalı Azərbaycanın qədim dövrlərinə aid ərazilərdən biri kimi tarix və mədəniyyət abidələri ilə seçilirdi. Azərbaycanlılardan ibarət 7 mindən çox əhalisi olan Xocalı ermənilər yaşayan kəndlərin əhatəsində ən böyük və qədim yaşayış məskəni olub.
Tədbirdə, həmçinin şagirdlərə məlumat verilib ki, ermənilər Xocalı əhalisinə qarşı vəhşicəsinə qətliam törədərkən soyqırımın ən iyrənc mərhələsi sayılan izi itirmək kimi mənfur hərəkətlərə də əl atıblar.
Sonda faciəni əks etdirən şəkillər sərgilənib, məktəblilərin ifasında əbədi-bədii kompozisiya təqdim olunub.
Tədbir çərçivəsində məktəblilərin paytaxtın Xətai rayonundakı “Ana fəryadı” abidəsinə ziyarəti təşkil edilib. Şagirdlər abidənin önünə məktəb adından əklil qoyublar.