Məktəblilərin təsviri və dekorativ-tətbiqi sənət müsabiqəsi başa çatıb
Naxçıvan, 8 aprel, AZƏRTAC
Naxçıvan şəhərində yerləşən Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Rəssamlar Birliyinin birgə təşkilatçılığı ilə keçirilən məktəblilərin təsviri və dekorativ-tətbiqi sənət müsabiqəsinə yekun vurulub.
Muxtar respublikanın Təhsil Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, tədbirdə çıxış edən təhsil naziri Rəhman Məmmədov muxtar respublikada təhsilin inkişafına göstərilən dövlət qayğısından danışıb. Bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təhsilə göstərdiyi xüsusi diqqət və qayğısı sayəsində bu sahənin inkişafı daha da sürətlənir, muxtar respublikada yüksək elmi biliyə, müasir dövrün tələblərinə uyğun bacarığa malik gənc nəsil yetişir. Bu gün Naxçıvanda formalaşan gəncliyin öz istedad və bacarığını nümayiş etdirməsi üçün lazım olan bütün şərait yüksək səviyyədə təşkil edilib.
Nazir bildirib ki, təsviri və dekorativ-tətbiqi sənət qədim tarixi köklərə və zəngin ənənələrə malikdir. Təhsil Nazirliyi və Rəssamlar Birliyi tərəfindən keçirilən müsabiqə qədim sənət növlərinin müasir dövrdə inkişafına, muxtar respublikada gedən yaradıcılıq proseslərinin, qazanılan uğurların şagirdlər arasında geniş təbliğinə, eləcə də istedadlı şagirdlərin bacarıqlarını inkişaf etdirmələrinə öz töhfəsini verir. 2019-2020-ci tədris ilindən keçirilən məktəblilərin təsviri və dekorativ-tətbiqi sənət müsabiqəsi xalq sənətkarlığı nümunələrinin nümayişi və təbliği işinə, xalq bədii sənətkarlığı ənənələrinin yaşadılmasına mühüm stimul olub. Belə müsabiqələrin təşkili istedadlı şagirdlərin aşkarlanaraq üzə çıxarılması baxımından səmərəlidir.
“Muxtar respublikanın bütün məktəblərini əhatə edən müsabiqədə 512 şagirdin rəsm, toxuma, tikmə, mis üzərində döymə, ağac üzərində yandırma, oyma və digər mövzularda 1466 əl işi nümayiş olunub. Şagirdlərin təqdim etdikləri sənət əsərləri arasında maraqlı, baxımlı, yüksək sənət meyarlarına cavab verən dekorativ-tətbiqi və təsviri sənət əsərləri az deyil”, - deyən Rəhman Məmmədov vurğulayıb ki, ötən illərlə müqayisədə müsabiqələrdə şagirdlər daha fəal iştirak edir və bu sənət növlərinə xüsusi maraq göstərilir.
Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva çıxışında belə müsabiqələrin, ümumilikdə, qeyri-adi istedada malik yeniyetmə və gənclərin qabiliyyətlərinin düzgün istiqamətləndirilməsi, muxtar respublikada təsviri incəsənətin, xalq yaradıcılığının inkişafı baxımından əhəmiyyətindən danışıb.
Qeyd edək ki, “Naxçıvan: dünən və bu gün”, “Naxçıvan abidələri”, “Müasir Naxçıvan”, “Muxtar respublikamızın füsunkar təbiətinin təsviri” və “Milli-mənəvi dəyərlərimiz və adət-ənənələrimizin təsviri” mövzularında üç mərhələdə təşkil edilən müsabiqənin muxtar respublika mərhələsində seçilən əl işləri yekun sərgidə nümayiş etdirilib. Sərgilənən yaradıcılıq nümunələri münsiflər heyəti tərəfindən mövzuya uyğunluq, təkrarçılığın olmaması, yaradıcı iş, orijinallıq, keyfiyyət, aktuallıq, kompozisiyanın tamlığı və digər meyarlara görə qiymətləndirilib.
Müsabiqənin şərtlərinə uyğun olaraq təsviri və dekorativ-tətbiqi sənətin hər biri üzrə bir I, iki II, üç III və altı həvəsləndirici yer olmaqla, ümumilikdə, 24 şagird təşkilatçılar tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılıblar.