“Melody School” İncəsənət və Elm Mərkəzinin konserti keçirilib
Bakı, 15 mart, AZƏRTAC
Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında “Melody School” İncəsənət və Elm Mərkəzinin konserti keçirilib.
AZƏRTAC xəbər verir ki, mərkəzin rəhbəri, pianoçu və pedaqoq Leyla Eminovanın təşkilatçılığı ilə reallaşan konsertdə tamaşaçılara klassik və müasir musiqinin sintezi, peşəkar və gənc ifaçıların çıxışları, eləcə də rəqs və pantomim sənətinin musiqi ilə birləşməsi təqdim olunub.
Proqramda pianoçu və pedaqoq, Azərbaycan Milli Konservatoriyasının baş müəllimi Aygün Muradova, Respublika müsabiqələrinin laureatı Nihad Məmmədov, beynəlxalq müsabiqələr laureatı Emil Əhmədzadə, gənc istedadlı ifaçı İlahə İsmayılova, “Bakının Ulduzları” instrumental ansamblı, “Brenda” rəqs qrupu, eləcə də “Melody School”un tələbələri və müəllimləri iştirak ediblər.
Konsertdə skripka ifaçısı Səbinə Məsimova və musiqi prodüseri “Maho.music” də çıxışları ilə tamaşaçıların rəğbətini qazanıblar. Onların ifasında təqdim edilən “Habanera” əsəri klassik musiqi ilə müasir üslubun harmoniyasını yaradıb və gecənin ən yaddaqalan nömrələrindən biri olub.
Gecənin ən maraqlı hissələrindən biri də klassik musiqi ilə müasir ritmik trap janrının sintezi idi. Konsertdə, həmçinin Kevin Olsonun məşhur trioları və pantomim sənətinin təqdimatı yer alıb.