Men ştatının Azərbaycan icmasının rəhbəri: Bizim gücümüz mədəniyyət, incəsənət və ənənələrdir - MÜSAHİBƏ
Bakı, 29 noyabr, Anara Axundova, AZƏRTAC
2019-cu ildən bəri Men ştatındakı (ABŞ) Azərbaycan cəmiyyəti uğurla fəaliyyət göstərir. Onun əsas məqsədi müxtəlif tədbirlərin təşkili vasitəsilə ştatın sakinlərinin mədəniyyətlərarası mübadiləsinə köməklik etməkdir. Cəmiyyət fərdi və qrup dəstəyi yolu ilə ştatın yeni sakinlərinin inteqrasiyasında fəal iştirak edir, təhsil və sağlamlıq proqramlarını həyata keçirir.
Men ştatının Azərbaycan cəmiyyətinin prezidenti Tərlan Əhmədov təşkilatın formalaşdırılması və indiki fəaliyyəti barədə AZƏRTAC-a danışıb.
- Men ştatının Azərbaycan cəmiyyəti fəaliyyətə 2019-cu ildə, yəni pandemiya ərəfəsində başlayıb. Həmin dövrdə təşkilatın işi necə aparılıb?
- Əslində, cəmiyyətin yaranması 2006-cı ilə təsadüf edir. O vaxt artıq mənim qeyri-hökumət təşkilatında iş təcrübəm və Diasporla İş üzrə Dövlət Komitəsi ilə əlaqələrim var idi. 2010-cu ildə biz Təsisçilər Şurasının iclasını keçirdik və qərara gəldik ki, ciddi şəkildə bu fəaliyyətlə məşğul olmaq istəyirik, hətta QHT-nin təşkili ilə bağlı xüsusi kurslardan keçdik. Biz bayramlar keçirirdik, müxtəlif konfranslarda iştirak edirdik və sairə. 2019-cu ildə rəsmi olaraq təşkilatımızı qeydiyyatdan keçirdik. O vaxta qədər artıq bir neçə maraqlı layihələrimiz, o cümlədən Qarabağla bağlı layıhələr var idi. Şəxsi təşəbbüsümlə biz Xocalı ilə bağlı qətnamə hazırladıq, həmin sənəd daha sonra yerli parlamentdə qəbul edildi. Artıq 2020-ci il gəlirdi, pandemiya sürətlənirdi. Demək olar ki, hər şey, dövlətin bütün fəaliyyəti dayanmışdı. Bizim, azərbaycanlıların isə müxtəlif millətlərdən olan insanlarla çoxlu əlaqələrimiz var idi, çünki biz həm rusdilli, həm də türkdilli xalqlarla ünsiyyətdə ola bilirik. Pandemiya dövründə yerli icmalar arasında məhsulları paylamağa köməklik göstərmək və ayrılıqda yaşlı insanlara yardım etmək qərarına gəldik. Üstəlik, biz Azərbaycanda istehsal olunan məhsulları seçdik: konservlər, mürəbbə, zeytun yağı, çay…

- Lakin bu, artıq sosial-humanitar layihədir. Yəni, təşkilatınızın işi demək olar ki, istənilən icmanın standart fəaliyyəti çərçivəsindən kənara çıxdı?
- Bəli. Bundan əlavə, biz maskalar, sanitariya və müdafiə vasitələri paylayırdıq. Pandemiya ilə bağlı materiallar dərc edir, sosial şəbəkələr vasitəsilə məlumat yayırdıq, nə etmək lazım olduğu, təcridi necə keçirmək lazım olduğu barədə video çəkirdik. Biz bir neçə dildə məlumat yayırdıq, onu digər icmalara yollayırdıq, onlar isə öz kanalları ilə daha irəli ötürürdülər. Biz COVID ilə bağlı mobil testlər təşkil etdik; 170-dən çox insana vaksinasiyadan keçməyə köməklik etdik. Daha sonra isə biz avtobuslarda (avtobuslarda teleekranlar var) təhsil proqramlarına start verməyə başladıq, burada məlumat bir neçə dildə, o cümlədən Azərbaycan, rus, alban, ərəb, fars və digər dillərdə yayılırdı. Mənim yanımda bütöv bir heyət çalışırdı. Orada çox böyük logistika var idi.
- Bu, dövlət tərəfindən hər hansı bir şəkildə qeyd olunub, dəstəklənibmi?
- Əlbəttə. Biz qrantlar aldıq və onların hesabına insanlara kömək edə bildik. Sosial sahədə işləmiş bir insan kimi, mən sosial xidmətləri necə göstərmək lazım olduğunu bilirdim və bu bizə çox kömək etdi. Yəni pandemiya vaxtı biz çoxlu sayda layihə həyata keçirdik. Pandemiya geriləməyə başlayanda isə insanları tədricən təcriddən çıxarmaq üçün konsert təşkil etmək qərarına gəldik, Azərbaycanın Əməkdar artisti, pianoçu Emil Əfrasiyabın konsertini təşkil etdik. O həyat yoldaşı, vokalçı Leyla Babayeva ilə çıxış etdi. Konsert böyük uğurla ştatımızın ən nüfuzlu konsert salonlarından birində oldu. Düz bir ay sonra, 2021-ci ilin aprel ayında biz ikinci konserti keçirdik. Yeni il ərəfəsində, Azərbaycanlıların Həmrəylik Günündə çox gözəl konsert oldu, daha sonra biz Novruz bayramını qeyd etdik, silsilə tədbirlər keçirildi.

- Təşkilatınızın məqsədlərindən biri ştatın bütün sakinləri arasında mədəniyyətlərarası əlaqələri qurmaqdır. Rəsmi şəkildə Azərbaycan icması olaraq, siz təkcə azərbaycanlılar üçün tədbirlər təşkil etmirsiniz?
- Azərbaycan öz-özlüyündə çoxmillətli və çoxkonfessiyalı ölkədir, bizə bu mədəni birgəyaşayış ənənələri aşılanıb. Bu, digər xalqlarla əlaqələr qurmağa kömək edir. Biz İrandakı azərbaycanlı qardaşlarımızla çox yaxınıq, Türk icması və Mərkəzi-Asiya regionu respublikalardan olan insanlarla münasibət qura bilərik. Balkan və Albaniya xalqları ilə çox gözəl ünsiyyət yarada bilirik. Bu işdə Azərbaycan icmasının potensialı çox böyükdür. Bizim gücümüz mədəniyyətimiz, incəsənətimiz və ənənələrimizdir. Bu, təkcə ştatımızın icması barədə deyil, digər ştatlarda da iş aparılır. Bu minvalla biz pandemiyanın ən gərgin vaxtında insanlara kömək edə bildik.
- Yeni sakinlərin ştatın həyatına inteqrasiyasına necə kömək edirsiniz? Deyək ki, insan digər ştatdan mühacirət edib və ya köçüb və ona deyirlər: Azərbaycan icmasına get, onlar sənə kömək edəcəklər. O isə, misal üçün, çinlidir. İnsanlar təəccüblənmirmi?
- ABŞ-da bu inteqrasiya layihələri məhz etnik təşkilatlar vasitəsilə həyata keçirilir. Bunu təkcə biz etmirik. Orada Somali təşkilatı da, Konqo təşkilatı da fəaliyyət göstərir. Çünki Somali və Konqodan minlərlə insan gəlir.

- Lakin onlar özününkülərə kömək edir, siz isə hamıya...
- Çünki gələn azərbaycanlılar çox deyil. Son iki ildə cəmi iki ailə köçüb. Biz özümüz kömək etmək istəyirik. Bu, könüllülük fəaliyyətinə cəlb etdiyimiz gənc azərbaycanlılar nəsli üçün çox yaxşıdır. Bu gözəl əməli fəaliyyət, təcrübə onlar üçündür. Bizdən hətta məktəbliləri bu işə cəlb etməyi xahiş edirlər. Türkiyədə zəlzələ baş verəndə biz Türk icması üçün böyük yardımı koordinasiya edə bildik, 30 min dollardan çox vəsait, əşyalar, uşaq qidası, yataq çantaları, yorğanlar toplaya bildik. Humanitar yardımla dolu yük maşınları göndərirdik. Ştatın hər yerindən insanlar Azərbaycan icmasının Türkiyə və Suriya üçün yardım topladığını biləndə bizə zəng edirdilər. Bu məlumat mətbuatda yayılmışdı. Yəni, biz dövlət və ictimai səviyyədə təqdim olunmuşuq.
- Bundan başqa, siz təhsil proqramları həyata keçirirsiniz. Onlardan bəhs edərdiniz.
- Xocalı faciəsi ilə bağlı proqram var. Biz Men ştatının Holokost Mərkəzi ilə birlikdə layihə hazırlaya bildik. Görüşlər təşkil edirik və bura müxtəlif insanları - alimləri, mütəxəssisləri, publisistləri və hekayələrini danışan soyqırımı qurbanlarından sağ qalanları dəvət edirik.
Sağlamlıq sahəsi ilə əlaqəli təhsil proqramlarımız da var. Məsələn, düzgün qidalanma ilə bağlı proqram. Bir çox mühacir ABŞ-a köçəndə praktik olaraq məhsullardan necə düzgün istifadə edəcəyini bilmir. Onlar bir çox hallarda zərərli qidalar qəbul etməyə başlayırlar. Bu proqrama bitkilərin qidalanması ilə bağlı araşdırma aparan universitet professoru cəlb etdik. O, çox maraqlı insandır, müxtəlif ölkələrdə yaşayıb, sadə, anlaşılan dildə insanlara yerli məhsullar, onlardan necə istifadə edilə biləcəyi barədə məlumat verir. Əsas odur ki, ucuz, lakin sağlam yemək ala biləcəklərini izah edir. Biz də belə görüşlərdə birlikdə yemək bişiririk. Müxtəlif etnik qruplar üçün qidalanma mədəniyyətləri arasındakı fərqə görə bir az fərqli proqramlar hazırlayırıq.
Biz Ukrayna icması üçün art-terapiya sessiyası təşkil etdik, onu icmamızın üzvü, rəssam və heykəltaraş Səbinə Nəcəfova keçirib. Həmçinin gənclər üçün tədbirlər, misal üçün, pikniklər təşkil edirik. Bunu Türk icması ilə birgə edirik. Lakin yenə də bu tədbirlərə təkcə türklər və azərbaycanlılar deyil, həm də digər millətlərdən olan insanlar gəlir. Yəhudi icması ilə birgə cari ildə çox yüksək səviyyədə iftar verdik, burada təxminən yüz insan bir araya gəldi, onların arasında hökumət nümayəndələri, alimlər, mədəniyyətşünaslar var idi. Biz iftar-şabat keçirə bildik. Yəni bununla göstərdik ki, mədəniyyətlər - onlar demək olar ki, oxşardır və əslində xalqlar arasındakı fərq onların arasında olan ortaq cəhətlərdən daha azdır. Biz insanların birgə yaşaması üçün onların necə birləşə biləcəyini göstərdik.

- Siz tədbirlər keçirəndə və həmin tədbirlərə digər millətlərdən olan insanlar gələndə, onlar Azərbaycan mədəniyyətinə necə reaksiya verirlər?
- Onlar heyran olurlar. Musiqi onlara çox gözəl təsir edir, xüsusilə də muğamdan coşqunluq hissi keçirirlər. Ümumiyyətlə, Azərbaycan musiqisinin özünün təkrarolunmaz üslub tərzi var. İnsanlar yeməkdən də zövq alırlar. Biz hər şeyi özümüz hazırlayırıq, yarımfabrikat almırıq. Manqal gətiririk, lülə-kabab bişiririk. Qadınlar özləri paxlava hazırlayır. Hər il ştatda Millətlər festivalı keçirilir, biz orada iştirak edirik və qidaları satışa çıxarırıq. Ən tez bizim yeməklər satılır, mən hətta bunun səbəbini izah edə bilmirəm. (Gülür.) Biz insanları çox cəlb edirik. Onlar bizim tədbirlərdə yaratdığımız atmosferə qərq olurlar. Düşünürəm ki, bu bizim açıq olmağımızdan irəli gəlir. Biz konsertlər keçirəndə təkcə Azərbaycan mahnılarını ifa etmirik, proqrama həm rus, həm ingilis, həm ispan, həm də fars dillərində mahnılar daxil edirik. Digər icmalara qonaq gedirik, onlarda baş verənlər bizdə də maraq doğurur.
- Sizin icma kimi təşkilatların fəaliyyəti üçün ən vacib olan nədir? Ən böyük çətinliklər nədən ibarətdir və onların öhdəsindən gəlmək üçün nə lazımdır?
- İstənilən icma mürəkkəb bir orqanizmdir. Bizim yanımıza fərqli fikri olan müxtəlif insanlar gəlir. Bəzən hansısa bir ortaq fikrə gəlmək o qədər də asan olmur. Bəzi hallarda mübahisəli vəziyyətlər yaranır. Kompromislər axtarmaq, danışmaq və razılığa gəlmək, ortaq həllərə nail olmağı bacarmaq lazımdır. Mən çox şadam ki, təşkilatımızda dialoq və birgə iş üçün şərait yarada bildik. Üstəlik, digər icmaların fəaliyyətinə də töhfəmizi veririk. Biz yalnız bu yolla həqiqətən də ictimai təşkilat ola bilərik. Çevik olmaq, dəyişikliklərə hazır olmaq gərəkdir. Daim öz üzərində işləmək, yeni ideyalara açıq olmaq lazımdır. Biz hər zaman ənənəvi yol ilə gedə bilmərik, alternativ yanaşmalar olmalıdır. Bir də hər şeyi vaxtında planlaşdırmağı bacarmaq lazımdır. (Gülür.)
- Yeri gəlmişkən, planlar haqqında. 2024-cü ilə dair planlarınız nədən ibarətdir?
- Bu il çoxlu sayda proqramlarımız olub. Ötən Yeni ildən bəri 20 Yanvar, Xocalı hadisələri ilə bağlı tədbirlər keçirdik, Novruz bayramını qeyd etdik, iftar təşkil etdik, düzgün qidalanma ilə bağlı layihə həyata keçirdik, Millətlər festivalında iştirak etdik, piknik keçirdik, Heydər Əliyevin 100 illiyini qeyd etdik, söz düşmüşkən, çox maraqlı proqram alındı. Biz orqan ifaçısı Cəmilə Cavadova-Şpitsberqin qeyri-adi konsertini keçirdik. Artıq il başa çatır, əlbəttə ki, biz Azərbaycanlıların Həmrəylik Gününü qeyd edəcəyik. Daha sonra, artıq yeni ildə, mütləq Novruz bayramını keçirəcəyik, yeni təhsil proqramları, konsertlər planlaşdırırıq. Çox istəyirəm ki, 2024-cü ildə digər təşkilatlarla birgə gənclər forumunu keçirək. Daha sonra Azərbaycan gəncləri üçün qış və ya yay məktəbini təşkil etmək istərdim. Men ştatı istirahət ərazisi hesab olunur, burada meşələr, dağlar, göllər, çaylar və Atlantik okeanının sahilləri var. İnsanlar məzuniyyət vaxtı buraya gəlirlər, ərazidə çoxlu düşərgələr var. Mən təhsil düşərgəsi yaratmaq və bu layıhəyə təkcə ABŞ-dan deyil, həm də Kanadadan olan gəncləri cəlb etmək istərdim. Bu cür məktəblərdə gənclər Azərbaycanı cəmiyyətdə necə düzgün təmsil etmək, məlumatın və reallıqların düzgün təqdimatı yollarını öyrənə bilərdilər. Bizim böyük planlarımız var, ümid edirəm ki, onları həyata keçirə biləcəyik.