MƏNFİ FİKİRLƏRDƏN VƏ HİSSLƏRDƏN UZAQ OLUN
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, tanınmış Ukrayna psixoterapevti, psixoloqu, bir sıra nadir müalicə metodlarının müəllifi Valeri Sinelnikovun “Xəstəliyini sev” kitabı bir çox ölkələrdə yayılmışdır. Kitabda mənfi fikirlərin və hisslərin insan həyatına, ilk növbədə, sağlamlığına pis təsirindən söhbət açılır. Müəllif oxucuları insan orqanizmində yaranan xəstəliklərin əsas səbəbləri ilə tanış edir.
Valeri Sinelnikov müalicə etdiyi çoxsaylı xəstələrin həyatından real vəziyyətləri təsvir edir. Bu insanlar öz şüuruna “səyahət” edərək, xəstəliklərinin səbəblərini müəyyənləşdirir və müasir təbabətin köməyi olmadan şəfa tapırlar. Müəllif müasir təbabətin nailiyyətlərini inkar etmir, psixoterapiya metodlarından, insanın özünün daxili qüvvə və potensialından istifadə etməklə hər bir xəstəyə fərdi yanaşmağın yeni modelini təklif edir.
V.Sinelnikov deyir ki, uzun illərin təcrübəsinə əsaslanaraq tədricən anlamışam ki, xəstəliklərin səbəbləri insandan kənarda yox, onun daxilindədir və hər bir kəs xəstəliyi özü yaradır. Həkim deyir: “Praktikamda yüzlərlə hadisələri dəfələrlə nəzərdən keçirmişəm və hər dəfə əmin olmuşam ki, qidalanma, infeksiyalar, hava şəraiti kimi amillər xəstəliyin inkişafı üçün yalnız fon yaradır. İnsanın daxilində elə bir şey var ki, bu və ya digər xəstəliyin inkişafını müəyyənləşdirir. Bu xəstəliyin ruhi və ya cismani olmasının fərqi yoxdur. Müalicə metodlarından biri insanın təhtəlşüurunun proqramlaşdırılmasıdır. Mən bu metod vasitəsilə minlərlə xəstənin şəfa tapmasına, xoşbəxt olmasına kömək etmişəm. Sonradan mən bu modeldən həyatın müxtəlif sahələrinin - iş, ailə, münasibətlər, maliyyə sahələrinin qaydaya salınması üçün istifadə etməyə başladım”.
V.Sinelnikov “Təhtəlşüurun sirrləri”, “Stressə qarşı peyvənd, yaxud psixoenergetik aykido”, “Sözün sirli gücü. Məhəbbət formulu”, “Zənginliyə aparan yol və ya sərvətlər harada gizlədilmişdir”, “Doktor Sinelnikovun təcrübə kursu” və digər kitabların müəllifidir.