“Mənim yaşıl məktəbim” layihəsi 3 pilot rayonu əhatə edəcəkdir
Bakı, 18 noyabr (AZƏRTAC). Azərbaycan Gənclər İttifaqı Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfirliyinin dəstəyi ilə “Mənim yaşıl məktəbim” layihəsini həyata keçirir.
İttifaqdan AZƏRTAC-a bildirmişlər ki, layihənin başlıca məqsədi məktəb ictimaiyyətini-şagird, müəllim və valideynləri cəlb etməklə ətraf mühitin mühafizəsinə yönəlmiş tədbirlərin genişləndirilməsidir. Layihə çərçivəsində enerji səmərəliliyini artırmaq məqsədi ilə məktəb rəhbərliyi üçün təlimlər, eləcə də seçilmiş pilot məktəblərdə enerji monitorinqlərinin keçirilməsi nəzərdə tutulmuşdur.
Noyabrın 15-16-da layihə çərçivəsində “Məktəblərdə enerji səmərəliliyinin təşkili: nəzəriyyədən praktikaya” adlı ilk təlim keçirilmişdir. Təlimdə seçilmiş pilot məktəblərindən direktor, təsərrüfat işlərinə məsul şəxs və rayon təhsil şöbəsinin əməkdaşları iştirak etmişlər. Təlim Azərbaycan Memarlıq və İnşaat Universitetinin müəllimləri Nurməmməd Məmmədov və Samirə Əkbərova tərəfindən aparılmışdır.
Təlimdə iştirakçılara enerji səmərəliliyinin artırılması məqsədi ilə dünyada gedən proseslər və bu istiqamətdə görülən işlər barədə məlumat verilmişdir. Həmçinin təlimçilər Azərbaycanda bu istiqamətdə qarşıya qoyulan vəzifələri iştirakçıların diqqətinə çatdırmışlar. Qeyd edilmişdir ki, hazırda Azərbaycanda “Enerji effektivliyi haqqında” qanun layihəsi hazırlanaraq müvafiq qurumların müzakirəsinə verilmiş və bu layihənin qəbul edilməsi ilə ölkədə enerji effektivliyini artırmaq istiqamətində müsbət nəticələr əldə edilə bilər.
Tədbirdə, həmçinin enerji effektivliyinin artırılması prosesində məktəblərin rolunun əvəzsiz olduğu vurğulanmışdır. Qeyd olunmuşdur ki, gənc nəslin maarifləndirilməsində tədris müəssisələri əhəmiyyətli rola malikdir.
Təlim iştirakçıları qruplarda iş apararaq təmsil olunduqları məktəblərdə enerji effektivliyinin artırılması istiqamətində görüləcək işləri müzakirə etmiş və tədbirlər siyahısı hazırlamışlar.
Layihə çərçivəsində 3 pilot rayondan - Ucar, Qax və Lənkərandan seçilmiş 6 məktəbdə enerji monitorinqi aparılacaqdır. Monitorinqin nəticələri əsasında müvafiq tövsiyə sənədi hazırlanacaqdır.