SİYASƏT
Merivonne Blondin: Məntəqələrdə seçkilərin şəffaflığına böyük diqqətin şahidi oldum
Bakı, 1 noyabr, Elvin Camalov, AZƏRTAC
Məntəqələrdə seçkinin qaydaları ilə bağlı posterlərin divarlara vurulması seçkinin şəffaflığına ayrılan diqqəti göstərir.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində 34 saylı Xətai ikinci seçki dairəsinin 15 saylı məntəqəsində Fransadan olan AŞPA təmsilçisi xanım Merivonne Blondin deyib.
AŞPA təmsilçisi Xətai rayonu üzrə bir neçə məntəqələrdə olduğunu bildirib və seçkinin yüksək səviyyədə keçdiyini vurğulayıb. Bundan əvvəl 25 saylı məntəqədə olduğunu bildirən Merivonne Blondin oradakı və hazırda 15 saylı məntəqədə çoxlu sayda seçici gördüyünü söyləyib, əhalinin seçki prosesində aktıv iştirakını müsbət qiymətləndirib. Müşahidəçi bütün məntəqələrdə seçkinin qaydaları ilə bağlı posterlərin divarlara vurulmasını seçkinin şəffaflığına ayrılan diqqət kimi dəyərləndirib.
“Azərbaycanda keçirilən seçkilərdə ilk dəfədir müşahidəçiyəm. İndiyə qədər olduğum ölkələrdə müşahidə etdiyim mənfi cəhət o idi ki, məntəqələrdə sakinlərin sayından az bülleten olurdu. Azərbaycanda isə bülletenlərin sayı sakinlərin sayı qədərdir. Bu da sizin ölkədə keçirilən seçkilərin əhəmiyyətinin göstəricisidir”, - deyə AŞPA təmsilçisi vurğulayıb.